NÖVBƏTİ 6 AYDA QİƏT PA-YA AZƏRBAYCAN SƏDRLİK EDƏCƏKDİR
Milli Məclisin mətbuat katibi Akif Nəsirov demişdir ki, deputatlar Asəf Hacıyev və Musa Quliyev iyunun 6-dan 8-dək Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QİƏT PA) Yerevanda keçirilmiş plenar iclasında iştirak etmişlər. Bəzi yerli qəzetlərdə onların bu səfərləri, eləcə də Milli Məclisin sədri Oqtay Əsədovun guya Ermənistan parlamentinin sədrinə təbrik məktubu göndərməsi barədə yanlış, böhtan xarakterli məlumatlar dərc olunmuşdur.
Akif Nəsirov bəyan etmişdir ki, Milli Məclisin sədri Oqtay Əsədov Ermənistan parlamentinin sədrinə heç bir məktub göndərməmiş və yazılanlar həqiqətə uyğun deyildir.
Sonra QİƏT PA-nın toplantısında iştirak etmiş nümayəndə heyətinin rəhbəri Asəf Hacıyev tədbir barədə məlumat vermişdir. O demişdir ki, iclasda siyasət, iqtisadiyyat, ekologiya, sosial və mədəniyyət komissiyalarının, eləcə də Baş Məclisin Hesablama Palatasının hesabatları dinlənilmişdir. Sonra təşkilati məsələyə baxılmış və növbəti 6 ay üçün Assambleyaya sədrlik Azərbaycana verilmişdir. Azərbaycan nümayəndə heyətinin bu tədbirdə iştirakının ən vacib səbəbi məhz sədrlik postunu qəbul etməklə əlaqədar olmuşdur. Bundan başqa, nümayəndə heyətimiz Azərbaycan həqiqətləri barədə tədbir iştirakçılarına geniş məlumat vermək imkanı əldə etmişdir.
QİƏT-in növbəti iclasının bu ilin noyabr ayında Bakıda keçirilməsi qərara alınmışdır.
Musa Quliyev isə demişdir ki, nümayəndə heyətimiz tədbirdə iştirak etməsəydi, bu, Azərbaycanın destruktiv mövqeyi kimi qiymətləndiriləcəkdi. Onun sözlərinə görə, deputatlarımızın tədbir çərçivəsində keçirdikləri görüşlərdə, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olması, münaqişə sülh yolu ilə həllini tapmasa, Azərbaycanın başqa vasitələrə əl atacağı, eləcə də Ermənistanla iqtisadi əlaqələrin bərpasının məhz problemin ədalətli həllindən sonra mümkünlüyü barədə bəyanatları erməni mətbuatında ciddi əks-səda doğurmuşdur.
Sonra deputatlar jurnalistləri maraqlandıran sualları cavablandırmışlar.