“O OLMASIN, BU OLSUN“ TAMAŞASININ PREMYERASI İYULUN 11-DƏ OLACAQDIR
AZƏRTAC Azərbaycan Dövlət Musiqili Komediya Teatrının mətbuat xidmətinə istinadla xəbər verir ki, iyulun 11-də burada dahi bəstəkarımız Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” əsəri əsasında xalq artisti, rejissor Cənnət Səlimovanın yeni quruluşunda eyni adlı tamaşanın premyerası olacaqdır.
Böyük bəstəkarımızın bütün əsərləri kimi, “O olmasın, bu olsun” da öz sadəliyi, milli koloriti, reallığı ilə əsrlərin sınağından şərəflə çıxmış, nəsillər və zövqlər dəyişsə də öz aktuallığını qoruyub saxlamışdır.
Ötən əsrin əvvəllərində yazılan, dəfələrlə bu və ya digər teatr kollektivinin təfsirində tamaşaya qoyulmuş, iki dəfə böyük ekranda canlandırılmış “O olmasın, bu olsun”un qəhrəmanları yenə də Azərbaycan Dövlət Musiqili Komediya Teatrının səhnəsinə çıxmağa hazırlaşırlar. Xalq artisti Cənnət Səlimova teatrın yeni rəhbərliyinin dəvəti ilə bu məşhur əsəri təzə quruluşda hazırlamışdır.
Teatrın direktoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq namizədi Əliqismət Lalayevin fikrincə, Cənnət xanım yetərincə səhnə və həyat təcrübəsi olan, müasir düşüncəli bir sənətkardır, onun yozumunda “O olmasın, bu olsun”, yəqin ki, yenə fərqli çalarlarla təqdim olunacaqdır. Xatırladaq ki, Cənnət xanım 1998- ci ildə məhz bu teatrın səhnəsində həmin əsərə quruluş vermişdi. Onun yenidən Üzeyir Hacıbəyovun bu əsərinə müraciət etməsi də təsadüfi deyildir. Yaradıcı heyət inanır ki, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması üçün bu günün gəncliyi tariximizi daha dərindən öyrənməli, dahilərimizin sənət nümunələri ilə yaxından tanış olmalıdır.
Bu dəfə 1998-ci ilin səhnə təfsirindən xeyli fərqli bir quruluş nəzərdə tutulmuş, yaradıcı heyətin tərkibi də xeyli cavanlaşmışdır. Cənnət Səlimovanın budəfəki həmfikirləri quruluşcu dirijor Nazim Hacıəlibəyov, əməkdar rəssam İsmayıl Məmmədov, baletmeysterlər Zakir və Yeganə Ağayevlər, xormeyster Vaqif Məstanov və dirijor Ziya Bağırovdur. Aktyorlara gəlincə, Məşədi İbad obrazını əməkdar artist Ramiz Məmmədov canlandıracaqdır. Gülnazı İnarə Babayeva (ikinci ifaçı Nərgiz Kərimova), Sərvər rolunu Fərid Əliyev (Ramil Qasımov) oynayacaqlar.
Görkəmli səhnə ustaları, respublikanın xalq artistləri Afaq Bəşirqızı və Arif Quliyev də gənc həmkarları ilə bərabər səhnəyə çıxacaqlar.