Oğurluq etdiyi evləri yandırmaqda şübhəli bilinən şəxs cinayət məsuliyyətinə cəlb edilib
Bakı, 3 fevral, AZƏRTAC
Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhərin Cavadxan qəsəbəsində ümumilikdə altı evdən oğurluq edən və cinayət izlərini itirmək məqsədilə həmin evləri yandırmaqda şübhəli bilinən Goranboy rayon sakini Arzu Məmmədov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, araşdırmalar zamanı A.Məmmədovun sonuncu dəfə qəsəbə sakini Anar Əliyevə məxsus fərdi evə daxil olaraq oradan 1030 manat dəyərində ev əşyalarını oğurladıqdan sonra cinayətin izlərini itirmək üçün evi yandırdığı və nəticədə vətəndaşa külli miqdarda ziyan vurduğu məlum olub. Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində saxlanılan şəxsin əlavə beş oxşar cinayət hadisəsi törətdiyi müəyyən edilib.
Saxlanılan şəxs və maddi sübutlar istintaqa təhvil verilib. Faktlarla bağlı araşdırmalar davam etdirilir.