OLİMPİADANIN DÖRDÜNCÜ GÜNÜ AZƏRBAYCAN İDMANÇILARI İKİ GÜMÜŞ MEDAL QAZANMIŞLAR
AZƏRTAC xəbər verir ki, Olimpiadanın dördüncü günü Azərbaycan idmançıları üçün uğurlu olmuşdur. Yunan-Roma güləşində yarışan Rövşən Bayramov (55 kiloqram) və Vitali Rəhimov (60 kiloqram) komandamıza iki gümüş medal qazandırmışlar.
Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da yarışları izləmişlər.
Rövşən Bayramov və Vitali Rəhimov çıxışa uğurla başlamışlar. Rövşən əvvəlcə misirli Mustafa Məhəmmədə və kubalı Yaqner Ernandesə qalib gəlmişdir.
Finala aparan yolda Rövşən Bayramov köhnə rəqibi Roman Amoyanı məğlub edərək finala çıxmışdır. Bu görüş 7:2, 4:1 ilə nəticələnmişdir.
Təəssüf ki, finalda R.Bayramov rusiyalı Nazir Mankiyev ilə görüşdə qızıl medalı əldən vermişdir.
Vitali Rəhimov görüşlərə çinli Janq Şenq üzərində qələbə ilə başlamışdır. Növbəti, rumın Eusebio Daçianu ilə qarşılaşma da V.Rəhimovun qələbəsi ilə başa çatmışdır.
Rövşən Bayramov kimi, Vitalini də Olimpiya medalına aparan yolda erməni idmançı ilə görüş gözləyirdi. O, bolqarıstanlı Armen Nazaryana aşkar üstünlüklə qalib gəlmişdir.
V.Rəhimov növbəti rəqibi, qazaxıstanlı Nurbakit Tenqizbayevi asanlıqla məğlub etmişdir. Finalda isə rusiyalı İslambek Albiyevə uduzaraq, gümüş medal qazanmışdır.
Boksçularımız da artıq ikinci gündür bizi sevindirirlər. Samir Məmmədov (51 kiloqram) avqustun 12-də birinci görüşdə mərakeşli Abdulla Nailə qalib gəlmişdir. Avqustun 16-da keçiriləcək qarşıdurmada o, tailandlı boksçu Somjit Yonqoxor ilə görüşəcəkdir.
Təəssüf ki, ağır atletlərimiz Əfqan Bayramov və Turan Mirzəyev (hər ikisi 69 kiloqram) medalçılar sırasına düşə bilməmişlər. T.Mirzəyev 327 kiloqram (146+181), Ə.Bayramov 320 kiloqram (145+175) qaldırmışdır. Nəticədə Turan beşinci, Əfqan yeddinci olmuşdur.
Cüdoçu Mehman Əzizov (81 kiloqram) da ümidləri doğrultmamışdır. O, elə ilk görüşdə almaniyalı rəqibi Ole Bişofa məğlub olmuşdur. Bişof finala çıxmış, Mehman isə təsəlliverici görüşdə amerikalı Trevis Stivensə də uduzmuşdur.
Olimpiadanın dördüncü günü güləşçilərimizin mübarizəsini izləmək üçün Bakı Şəhər Gənclər və İdman Baş İdarəsində toplaşan azarkeşlər, idman veteranları, Rövşən Bayramovun və Vitali Rəhimovun yaxınları AZƏRTAC-ın müxbiri ilə söhbətdə bildirmişlər ki, hamımız idmançılarımızdan qızıl medallar gözləyirdik. İdarənin rəisi Raqif Abbasov demişdir ki, Azərbaycan güləşçiləri rusiyalı idmançılardan heç də geri qalmırdılar, ancaq bu gün uğur onların tərəfində idi. Oyunlarda qazanılan bütün medallar qızıla bərabərdir. Biz pəhləvanlarımızı qəhrəman kimi qarşılayacağıq.
######
![]() |
![]() |
![]() |
![]() |



