ÖLKƏ BAŞÇISININ SON SƏRƏNCAMI QAX RAYONU SAKİNLƏRİNİN ÜRƏYİNCƏDİR
Müşavirəni giriş sözü ilə açan Qax Rayon İcra Hakimiyyətinin başçısı Abbas Göyüşov Prezident İlham Əliyevin aprelin 12-də Qax rayonuna səfəri zamanı keçirdiyi görüşlərin rayon əhalisində böyük ruh yüksəkliyi yaratdığını qeyd etmiş, insanların hələ də bu səfərin xoş təəssüratlarının təsiri altında olduğunu xüsusi vurğulamışdır.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası ilə əlaqədar rayonda genişmiqyaslı tədbirlərin həyata keçirildiyini, 2 mindən artıq yeni iş yerinin yaradıldığını diqqətə çatdıran icra başçısı Prezident İlham Əliyevin 2006-cı il 1 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş tədbirlər planını ölkəmizin başçısının rayon sakinlərinə, xalqımıza olan yüksək diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirmişdir.
Müşavirədə mərkəzi rayon xəstəxanasının baş həkimi Fərman Əhmədzadə, mədəniyyət və turizm şöbəsinin müdiri Nəzir Omarov, gənclər və idman idarəsinin rəisi Əlövsət Bayramov və başqaları çıxış edərək uzun illər yığılıb qalmış problemlərin həllini sürətləndirəcək yeni tədbirlər planının qəbuluna görə Prezident İlham Əliyevə Qax ictimaiyyəti adından dərin minnətdarlıqlarını bildirmişlər. Çıxışlarda xüsusi vurğulanmışdır ki, rayon sakinləri respublikamızın iqtisadiyyatının yüksəldilməsində, dövlətçiliyimizin möhkəmləndirilməsində, xalqımızın ümummilli lideri Heydər Əliyev strategiyasına əsaslanan və Azərbaycan xalqının milli maraqlarına cavab verən daxili və xarici siyasətin həyata keçirilməsi yolunda daim Prezident İlham Əliyevin yanında olacaq, ona arxa duracaqlar.
Sonra tədbir iştirakçıları ölkəmizin başçısının Sərəncamı ilə təsdiq edilmiş tədbirlər planının icrasını təmin etmək məqsədi ilə yaradılmış işçi qrupunun tərkibi və görüləcək işlərlə tanış olmuşlar.
Sonda müşavirə iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.