REGİONLAR
Ölkəmizin müxtəlif regionlarından olan gənclərin Ordubada səfəri təşkil olunub
Naxçıvan, 6 dekabr, AZƏRTAC
Muxtar respublikadakı ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan ölkəmizin digər regionlarından olan tələbələr üçün “Tarixə ekskursiya” layihəsi çərçivəsində Ordubadın tarixi-mədəni məkanlarına ekskursiya təşkil olunub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, nazirliklə “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin ortaq layihəsinə uyğun olaraq, iştirakçılar həm də “Nə? Harada? Nə zaman?” intellektual oyununda iştirak ediblər.
Ekskursiyadan öncə nazirliyin əməkdaşı Valeh Mahmudov layihənin məqsəd və əhəmiyyətindən danışıb. Qeyd olunub ki, gənc nəslin intellektual səviyyəsi, dünyagörüşü və zehni inkişafının stimullaşdırılması, milli dəyərlərin, tariximizin təbliği, eləcə də muxtar respublikanın turizm imkanlarının tanıdılmasında gənclərin rolunu artırmaq üçün müxtəlif tədbirlər keçirilir. “Tarixə ekskursiya” layihəsi də bu qəbildəndir.
Gənclər Qeysəriyyə Tarix-Diyarşünaslıq Muzeyi, Yusif Məmmədəliyev, Məhəmməd Tağı Sidqi və Məmməd Səid Ordubadinin ev-muzeylərini ziyarət ediblər. Bələdçilər tərəfindən muzeylərin yaradılma tarixi, aid olduğu şəxsiyyətlərin həyat və fəaliyyəti, nümayiş olunan eksponatlar haqqında ətraflı məlumat verib, iştirakçıların sualları aidiyyəti üzrə cavablandırıb.
Sonda intellektual oyun təşkil olunub. Ən yaxşı göstəriciyə nail olan Naxçıvan Dövlət Universitetinin "Ulduz" komandası intellekt yarışının qalibi olub. Komanda üzvləri diplom, fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar.