Ölkəmizlə Qətərin mətbuat orqanları arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Bakı, 2 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılov Qətərin ingilisdilli “Gulf-Times” qəzetinin baş redaktoru Faisal Al Mudahka ilə görüşüb.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, görüş zamanı qeyd edilən mətbuat orqanı ilə Azərbaycanın bu ölkədəki səfirliyi, həmçinin mətbuat orqanlarımız arasında əməkdaşlıq əlaqələrinin inkişafına dair müzakirələr aparılıb. Ölkəmizlə bağlı qəzetdə mütəmadi olaraq məlumatların, məqalə və müsahibələrin nəşri imkanları nəzərdən keçirilib.
Qarşı tərəfə ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən quruculuq işləri və inkişaf prosesi, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat verilib.
Görüşdə, həmçinin iki ölkənin dostluq və əməkdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub və qarşılıqlı əlaqələrin genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, “Gulf-Times” qəzeti Qətərdə gündəlik ingilis dilində nəşr olunan 3 qəzetdən biridir. 1978-ci ildən çap edilən qəzet ölkənin ilk və ən çox oxunulan ingilisdilli qəzeti hesab olunur.