OMBUDSMAN BEYNƏLXALQ TƏŞKİLATLARA SOYQIRIMLA BAĞLI BƏYANAT GÖNDƏRMİŞDİR
Bəyanatda deyilir ki, son iki yüz ildə erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara qarşı məqsədyönlü soyqırımı və deportasiya siyasəti Azərbaycan xalqının tarixinə qanlı səhifə kimi daxil olmuşdur.
Ermənistanın terrorçuluq siyasəti uzun illərdir dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Halbuki beynəlxalq hüquq normalarına, BMT-nin və ATƏT-in prinsiplərinə görə, dövlətlərin sərhədlərinin toxunulmazlığına hörmət edilməlidir, ərazi bütövlüyünün və suverenliyin pozulması yolverilməzdir. BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş torpaqlarının qeyd-şərtsiz azad olunması barədə dörd qətnamə qəbul etsə də, işğalçı Ermənistan onları hələ də yerinə yetirmir. Ermənistanın bəşəriyyət üçün təhlükə törədən əməllərinə dünya birliyi tərəfindən siyasi, hüquqi qiymətin verilməməsi yeni beynəlxalq cinayətlərin törədilməsinə şərait yaratmışdır.
Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri beynəlxalq səviyyədə siyasi-hüquqi qiymətini almamış bu qanlı soyqırımı tarixin açılmamış səhifələrindən biridir.
Bəyanatın mətni BMT-nin Baş katibinə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa ombudsmanlar institutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına və bu qurumların üzvü olan insan hüquqları üzrə müvəkkillərə, xarici ölkələrin Bakıdakı səfirliklərinə və Azərbaycanın xarici dövlətlərdəki səfirliklərinə göndərilmişdir.