OMBUDSMAN MİNGƏÇEVİRDƏ İCTİMAİ DİNLƏMƏLƏR KEÇİRMİŞDİR
AZƏRTAC xəbər verir ki, insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının (MFP) təbliği və tətbiqi vəziyyətinin monitorinqi məqsədi ilə Mingəçevirdə ictimai dinləmələr keçirilmişdir.
Mingəçevir Şəhər İcra Hakimiyyətində təşkil edilən tədbirdə idarə və təşkilatların, hüquq mühafizə orqanlarının, QHT-lərin əməkdaşları və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Ombudsman Elmira Süleymanova MFP-nin tətbiqi sahəsində həyata keçirilən islahatlar haqqında məlumat vermiş, vətəndaşların seçki hüququ və onun mahiyyəti barədə danışmışdır.
Şəhər icra hakimiyyətinin başçısı Mübariz Ağayev və başqaları vətəndaşların ərizə və şikayətlərinə vaxtında və qərəzsiz baxıldığını, onlara qarşı hüquq pozuntuları hallarının baş vermədiyini vurğulamışlar.
Tədbirdə qarşıda duran vəzifələr və birgə əməkdaşlıq formaları müzakirə olunmuşdur. Müvəkkil E.Süleymanova iştirakçıları maraqlandıran suallara cavab vermişdir.