Onlayn tədris proqramı: "Fakültəyə əlvida! Həkimliyə salam!"
Bakı, 12 iyun, AZƏRTAC
İyunun 8-12-də Azərbaycan Tibb Universitetinin (ATU) tələbə və rezidentləri İstanbul Universiteti ilə əməkdaşlıq çərçivəsində "Fakültəyə əlvida! Həkimliyə salam!" onlayn tədris proqramında iştirak ediblər. İstanbul Universitetinin Tibb fakültəsinin və “Doktorclub” onlayn platformasının dəstəyi ilə baş tutan bu tədris proqramında ATU-nu təmsil edən 625 gələcək həkim-mütəxəssisləri qoşulublar.
Bu barədə AZƏRTAC-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Bu onlayn proqramın müxtəlif sessiyaları zamanı İstanbul Universitetinin professorları ATU-nun tələbə, rezident və gənc həkimləri ilə öz zəngin təcrübələrini paylaşıb. Beş gün ərzində Türkiyənin tibb sahəsində aparıcı mütəxəssisləri tərəfindən gənclərin həkimlik praktikasında ilk addımlarına aid olan müxtəlif maraqlı mövzular ətrafında iştirakçılara məlumat verilib. Məzun və tələbələrin gələcək peşəkar fəaliyyətinə hazırlıq mərhələsinə yardım məqsədilə hazırlanmış “Həkim olduq. İndi bizi nə gözləyir?”, “Həkimlərin öhdəlikləri, vəzifələri və hüquqi məsuliyyətləri”, “Xəstələr və onların yaxınları ilə davranış qaydaları” və s. kimi mövzularda sessiyalar təqdim olunub.
Qeyd edək ki, onlayn tədris proqramı çərçivəsində tam fərqli tibb sahələri olan kardiologiya, psixiatriya, ginekologiya, cərrahiyyə və digər istiqamətlərdə bilik və bacarıqların artırılması məqsədilə ən aktual məlumat və məsləhətlər səsləndirilib. Bundan başqa, tədris sessiyaları zamanı “Uşaqlarda ishal, yüksək hərarət, travmalar, revmatizm ilə bağlı problemlər”, “Anafilaktik şok”, “Ölü müayinəsi” və digər önəmli mövzularda ayrıca mühazirələr keçirilib.
Onlayn tədbir zamanı, həmçinin hazırda dünyada geniş yayılmış və hələ də çox aktual olaraq qalan COVID-19 pandemiyasına həsr edilmiş xüsusi sessiya da keçirilib. “Virus infeksiyaları və pandemiya dövründə davranış”, “COVID-19-un klinik gedişatı və risk faktorları”, “Koronavirus müalicəsinin planlaşdırılması”, “Xəstəliyin birinci mərhələsində qarşısının alınması” və digər mövzularda mühazirələr iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
"Fakültəyə əlvida! Həkimliyə salam!" tədris proqramının sonunda ATU-da təhsil alan gənc həkimlər öz bacarıqlarını təkmilləşdirmək, gələcək tibbi təcrübəyə hazır olmaq üçün tələb olunan vacib məlumat və tövsiyələr aldıqlarını qeyd edib, onlayn tədbirin təşkilatçıları və İstanbul Universitetinin professorlarına öz təşəkkürlərini bildiriblər.