Ordubad rayonunda kompleks quruculuq işləri görülür
Ordubad, 13 aprel, AZƏRTAC
Muxtar respublikanın Ordubad rayonunun Nüsnüs və Əndəmic kəndlərində kompleks quruculuq işləri aparılır.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Nüsnüs kəndində xidmət və kənd mərkəzləri tikilir, məktəb binası əsaslı şəkildə yenidən qurulur. Məktəb binası zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarətdir. 416 şagird yerlik məktəbdə kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, kompüter otaqları, kitabxana idman zalı və bufet yaradılacaq.
Kənd mərkəzi və xidmət mərkəzi üçün tikilən binaların isə təməli qoyulur.
Rayonun Əndəmiç kəndində xidmət və kənd mərkəzlərinin tikintisinə başlanılıb.
Ordubad şəhərinin Heydər Əliyev prospektində inşa olunan 8 mərtəbəli 28 mənzilli yaşayış binasında isə tikinti işlərinin əsas hissəsi başa çatıb. Hazırda binanın fasadı üzlənir, həyətdə abadlıq işləri görülür.
Qeyd edək ki, Ordubad şəhərinin daxili avtomobil yolu da yenidən qurulur.