Orxan Məmmədov: Azərbaycan regional logistika mərkəzinə çevrilib
Bakı, 8 iyul, AZƏRTAC
Limanlar, avtomobil yolları və dəmir yolları da daxil olmaqla infrastruktura geniş sərmayə qoyuluşu ilə Azərbaycan regional logistika mərkəzinə çevrilib.
AZƏRTAC xəbər verir ki, bu barədə KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən "ŞƏT Nümayiş Zonası - Azərbaycanda Logistika və Ticarətin Təşviqi Konfransı"nda deyib.
O bildirib ki, tarixən Böyük İpək Yolu ilə bağlı olan Azərbaycan ilə Çin arasında son illər əməkdaşlıq yeni istiqamət alıb və Çinin “Bir kəmər bir yol” təşəbbüsü bu müstəvidə xüsusi rol oynayır: "Dünyanın ən iri layihələrindən biri sayılan Bakı-Tbilisi-Qars dəmir yolu Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini təmin etməklə, qədim İpək Yolunun bərpasına öz töhvəsini verməkdədir. Bu dəmir yolu Çin, Cənub-Şərqi Asiya, Avropa və onun hüdudlarından kənarda yüklərin tranzitini asanlaşdıran tarixi İpək Yolu təşəbbüsünün mühüm tərkib hissəsi kimi xidmət edir. Üstəlik, bizim baxışımız, sadəcə, tranzitdən kənara çıxır, biz iqtisadi artım və əməkdaşlığa təkan vermək üçün coğrafi üstünlüklərimizdən istifadə edərək, Azərbaycanı logistik mərkəzə çevirməyi hədəfləyirik. Nəqliyyat-tranzit sahəsində planlaşdırılan bu kimi yeni yollar kommunikasiyalarımızı daha sıx birləşdirməklə, ölkələrimizin sahibkarlıq subyektləri arasında da əlaqə və münasibətlərin genişləndirilməsinə imkan verir".