OSLODAKI BEYNƏLXALQ UŞAQ İNCƏSƏNƏT MUZEYİNDƏ GÖRÜŞ
Aprelin 24-də Azərbaycan Prezidenti Heydər Əliyev və onu müşayiət edən şəxslər bu muzeyə gəldilər. Dövlətimizin başçısını Norveç Qaçqınlara Yardım Şurasının rəhbərləri, muzeyin direktoru Alla Qordina və uşaqlar hərarətlə qarşıladılar.
Respublikamızın rəhbəri muzeydəki əsərlərlə, o cümlədən azərbaycanlı qaçqın uşaqların əl işləri ilə böyük maraqla tanış oldu. Sonra Azərbaycan Prezidenti ilə muzeyin işçilərinin görüşü keçirildi.
Görüşdə çıxış edənlər muzeyə qonaq gəldiyi üçün Prezident Heydər Əliyevə dərin minnətdarlıqlarını bildirdilər. Ermənistanın təcavüzü nəticəsində doğma yurdlarından qaçqın düşmüş uşaqların həyatından bəhs edən natiqlər acı taleli bu uşaqların rəsmlərinə yüksək qiymət verdilər. Qeyd olundu ki, Norveç hökumətinin, qaçqınlara yardım şurasının və “Statoyl” şirkətinin himayəsi ilə bu muzeydə azərbaycanlı qaçqın uşaqların əsərlərindən ibarət sərgi təşkil edilmişdir. Natiqlər bu təşkilatların xətti ilə azərbaycanlı uşaqlara göstərilən humanitar yardımdan da söhbət açdılar.
Görüşdə dövlətimizin başçısı çıxış etdi.