Ötən il ombudsmanın ünvanına 28 min 500-dən çox müraciət daxil olub
Bakı, 3 mart, AZƏRTAC
2022-ci ildə ombudsmanın ünvanına 28 min 525 müraciət daxil olub. Müraciətlərə Konstitusiya Qanunu ilə müəyyən edilmiş müddətlərdə baxılıb və cavablandırılıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında ombudsmanın illik məruzəsinin müzakirəsi zamanı Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı deyib.
O bildirib ki, bu müraciətlər ombudsmana poçt, elektron poçt, onlayn müraciət qaydasında göndərilmiş, aparatda və regional mərkəzlərdə, habelə Ombudsman Aparatında qəbul zamanı, 7/24 rejimində fəaliyyət göstərən 916 Çağrı Mərkəzi vasitəsilə, həmçinin ombudsmanın, onun aparatının və regional mərkəzlərinin əməkdaşlarının respublikanın müxtəlif şəhər və rayonlarında əhali qrupları ilə görüşləri, cəzaçəkmə müəssisələrinə, istintaq təcridxanalarına, müvəqqəti saxlama yerlərinə, hərbi hissələrə, uşaqlar, pensiya yaşına çatmış, habelə əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinə, internatlara, səhiyyə, təhsil və əhalinin sosial müdafiəsi müəssisələrinə başçəkmələr zamanı təqdim edilib.
Qeyd edilib ki, azadlıq hüququnun tərkib hissəsi olan şəxsin ölkə ərazisində maneəsiz hərəkət etmək, özünə yaşayış yeri seçmək, ölkəni tərk etmək və ora qayıtmaq azadlığını özündə ehtiva edən bu hüququn təmini ilə bağlı ombudsmanın ünvanına daxil olan müraciətlərdə əsasən, şəxsiyyət vəsiqəsi ilə təmin edilmə, yaşayış yeri üzrə qeydiyyata alınma, şəxsiyyət vəsiqəsinin fərdi identifikasiya nömrəsinin deaktiv edilməsi, ölkədən çıxışa qoyulmuş məhdudiyyətin götürülməsi və bu kimi digər məsələlər öz əksini tapıb.