Ötən il Xəzər dənizinə tökülən 235 axar qeydə alınıb
Bakı, 13 fevral, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi tərəfindən 2016-cı il ərzində Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsində və onun şimaldan cənubadək olan 955 km-lik sahil zolağında, eləcə də dənizdə fəaliyyət göstərən müəssisə, obyekt və üzən vasitələrdə ümumilikdə 1907 monitorinq keçirilib. Monitorinq zamanı Xəzər dənizinə tökülən 235 axar qeydə alınıb.
İdarədən AZƏRTAC-a verilən məlumata görə, hesabat ili ərzində dənizdən və dənizə tökülən axarlardan götürülmüş 3793 su, qazma məhlulu, qazma şlamı və torpaq nümunəsi üzərində ümumilikdə 51768 təhlillər aparılıb, ondan 15350-si mikrobioloji, 15954-ü ekotoksikoloji, 20464-ü isə analitik təhlillərdir.
Neft və digər çirkləndirici maddələrlə çirklənməsinin öyrənilməsi məqsədi ilə dənizə tökülən axarlarda, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) bəzi istehsalat müəssisələrində, yerli şirkətlərlə yanaşı xarici şirkətlərdə, donanma sahəsində isə gəmilərdə, limanlarda, yanalma körpülərində və sahil zolağında yerləşən yaşayış məntəqələrində ekoloji monitorinqlər keçirilib. Sözügedən şirkətin “Abşeronneft”, “Neft Daşları”, Ə.Əmirov və H.Z.Tağıyev adına NQÇİ-lərdə, eyni zamanda şirkətin tabeliyində olan Qaz Emalı Zavodunda keçirilən monitorinqlər zamanı aşkarlanmış ekoloji pozuntu hallarına qarşı tədbir görülməsi üçün aidiyyəti qurumlara məlumat verilib. ARDNŞ-nin tabeliyində olan “28 May” NQÇİ-nin “Günəşli” yatağındakı 10 saylı Dərin Dəniz Özülündə baş vermiş qəza nəticəsində dənizin ətraf mühitində yarana biləcək ekoloji pozuntuları müşahidə etmək məqsədilə həmin ərazidə idarənin mütəxəssislərinin iştirakı ilə monitorinqlər keçirilib. Keçirilən monitorinqlər zamanı dənizə platformadan neft dağılması müşahidə olunmayıb.