Özbəkistan mətbuatında azərbaycanlı alim haqqında məqalə yayımlanıb
Bakı, 13 iyun, AZƏRTAC
Özbəkistanın Qaraqalpaq Respublikasının aparıcı qəzetlərindən olan “Vesti Karaqalpakstana” qəzetində azərbaycanlı alim, filologiya elmləri doktoru, Bakı Slavyan Universitetinin professoru Nizami Məmmədov-Tağısoy haqqında məqalə yayımlanıb.
AZƏRTAC xəbər verir ki, azərbaycanlı alimin anadan olmasının 70 illiyi münasibətilə işıq üzü görən məqalədə onun elmi fəaliyyəti, ədəbiyyatşünaslıq elminə verdiyi töhfələrdən bəhs olunur.
Qeyd edilir ki, professor Nizami Məmmədovun elmi prioritetlərində tərcümə nəzəriyyəsi, ədəbi əlaqələr, türk xalqlarının etnogenezi, etnologiyası, etnoqrafiyası, epik təfəkkürü, ənənələri, folkloru, klassik və müasir ədəbiyyatı, ədəbiyyatşünasların aktual problemləri, müasir ədəbi proses və s. istiqamətlər yer almaqdadır. Monoqrafiya və məqalələri bir qayda olaraq polemikliyi və fərdi baxış bucağı ilə seçilir.
Nizami Məmmədov qaqauz, qazax, qaraqalpaq, qaraçay, qırğız, Kıbrıs türk¬ləri, malkar, özbək, karaim, kumux, noğay, xəzər və digər türk qövmləri və xalqları ilə bağlı çoxsaylı məqalələr və kitablar müəllifidir. Onun müxtəlif illərdə yazdığı dərslik, metodik və dərs vəsaitləri, monoqrafiyaları, folklor-etnoqrafik araşdırmaları oxucular və mütəxəssislər tərə¬fin¬dən bəyənilməkdədir.
Professor qaraqalpaq türklərinin eposu, folkloru və ədəbiyyatının tədqiqatçısı kimi çıxış etməkdədir. O, Qaraqalpaq folkloruna dair çoxsaylı araşdırmalar aparmaqla məqalələr yazıb, qaraqalpaq xalq nağıllarının dilimizə tərcüməsi ilə məşğul olub. “Qaraqalpaq xalq nağılları” və “Qaraqalpaq ədəbiyyatı” kitablarının müəllifi kimi tanınmaqdadır.
Alimin nəzəri mülahizələri istər Azərbaycan-rus, Azərbaycan-özbək, Azərbaycan-qaqauz, Azərbaycan-qazax, Azərbaycan-qaraqalpaq ədəbi əlaqələri, istər mü¬asir ədəbiyyatşünaslığın aktual problemləri, o cümlədən A.Blok, S.Yesenin, K.Simonov, V.Luqovskoy, A.Adalis, P.Antokolski, A.Tvardovski, S.Vasilyev, Azərbaycan ədəbiyyatından S.Vurğun, Mir Cəlal, İ.Əfəndiyev, S.Əhmədli, Elçin, Anar, A.Rəhimov, K.Abdulla, E.Hüseynbəyli, R.Rəvan, Ə.Əhməd, K.Kürqıraxlı, M.Dəmirçioğlu, F.Babanlı, Ş.Ağayar, Ə.Xə¬ləfli, Y.Nəğməkar, qaraqalpaq yazıçılarından T.Kaipbergenov, İ.Yusupov, qaraçay ədəbiyyatı nümayəndələrindən İ.Xubiyev, H.Bayramukova, qırğız ədəbiyyatından Ç.Aytmatov, tatar ədəbiyyatından Q.Tukay, qaqauz ədəbiyyatından M.Çakır, Q.Qaydarji və başqalarının yaradıcılığı ilə bağlı fikir və mülahizələri Azərbaycan ədəbi tənqidinin orijinal səhifələrindən hesab olunmaqdadır.