Özbəkistan Prezidenti son 18 ildə ilk dəfə olaraq Tacikistana səfər edib
Bakı, 7 mart, AZƏRTAC
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev son 18 ildə ilk dəfə olaraq Tacikistana dövlət səfərinə gəlib. Onu Düşənbə aeroportunda Tacikistanın dövlət başçısı Emomali Rəhmon qarşılayıb.
AZƏRTAC Tacikistanın “Sputnik” portalına istinadla xəbər verir ki, prezidentlərin kortejini yolboyu əllərində Özbəkistan bayraqları və gül dəstələri tutmuş 12 mindən çox tələbə və məktəbli salamlayıb. Dövlət başçılarının əvvəlcə təkbətək, sonra isə geniş tərkibdə görüşü olub. Səfər zamanı 25-dən çox sənədin imzalanması planlaşdırılır.
Qeyd edək ki, bu, sələfi İslam Kərimovun 2000-ci ilin iyununda Düşənbəyə sonuncu rəsmi səfərindən sonra Şavkat Mirziyoyevin qonşu ölkəyə ilk gəlişidir. Tacikistan Prezidenti Emomali Rəhmon isə Daşkəndə axırıncı dəfə 1998-ci ildə səfər etmişdi.
Müstəqillik dövründə bu iki ölkənin münasibətlərində bir sıra çətinliklər yaranıb. Rəsmi Daşkənd 1992-ci ildən Tacikistana bütün aviareysləri birtərəfli qaydada dayandırıb. Tacikistandan gələn sərnişin qatarları isə Özbəkistan ərazisində çoxsaylı yoxlamalara məruz qalır. Həmçinin Özbəkistan tərəfi qonşu ölkənin vətəndaşları üçün birtərəfli qaydada viza rejimi tətbiq edib. Tacikistanda 1992-1997-ci illərdə baş vermiş vətəndaş müharibəsi zamanı Özbəkistan bu ölkə ilə sərhədləri boyunca mina döşəyib.