Özbəkistan və Azərbaycan kinematoqrafçıları arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Daşkənd, 5 avqust, АZƏRTAC
Özbəkistan Kinematoqrafiya Agentliyinin baş direktoru Firdavs Abduxalikov Azərbaycan Mədəniyyət Nazirliyinin kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənov, “Filming Azerbaijan”ın direktoru İlkin Məmmədli və Özbəkistanın Azərbaycandakı səfiri Bəhram Əşrəfxanovla onlayn görüş keçirib.
AZƏRTAC Özbəkistan Kinematoqrafiya Agentliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, görüşdə Özbəkistan və Azərbaycan kinematoqrafçıları arasında əməkdaşlıq, təcrübə mübadiləsinin aparılması və digər məsələlər ətrafında müzakirələr aparılıb.
Görüşdə Özbəkistan Prezidentinin təşəbbüsü ilə Daşkənddə keçiriləcək “İpək Yolu dürdanəsi” beynəlxalq kinofestivalında Azərbaycan kinematoqrafçılarının iştirakı məsələləri də diqqət mərkəzində olub.
F.Abduxalikov bildirib ki, bundan sonra hər iki ölkənin kinematoqrafçılarının iştirakı ilə birgə layihələrin həyata keçirilməsi istiqamətində işlər görüləcək.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd