Pakistanda Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş tədbir təşkil edilib
Bakı, 17 noyabr, AZƏRTAC
Pakistan Gənclərinin Müdafiə Şəbəkəsi (PGMŞ) və İslam Əməkdaşlıq Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin (İƏT Gənclər Forumu ARM) birgə təşkilatçılığı ilə Pakistanın Lahor şəhərində böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, həm auditoriya, həm də onlayn formatda keçirilən tədbirin açılış mərasimində PGMŞ-nin sədri Fsahat əl-Hassan, Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov, Pakistanın Azərbaycandakı səfiri Bilal Haye, İƏT Gənclər Forumu ARM-nin Baş direktor vəzifələrini icra edən Vüsal Qurbanov iştirakçıları salamlayaraq tədbirin əhəmiyyətini vurğulayıblar, bu tipli tədbirlərin Pakistan ilə Azərbaycan arasında mədəni əlaqələrin inkişaf etməsində oynadığı rolu qeyd ediblər.
Tədbirdə Pəncab vilayətinin sosial təminat və beytülmal naziri Syed Yavər Abbas Buxari də çıxış edərək hər iki ölkə gəncləri arasında əlaqələrin inkişafına müsbət töhfə verəcəyini vurğulayıb.
Çıxışlarda o cümlədən, Pakistanın Dağlıq Qarabağ məsələsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyinə olan dəstək yüksək qiymətləndirilib.
Plenar müzakirələrdə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin dekan müavini Şahin Yusifli, Pakistan Təhsil Universitetinin müəllimi Cabir Hüseyn, Pakistan-Azərbaycan Məzunları Assosiasiyasının sədri Qaisar Nəvab, pakistanlı şair və sosial media eksperti Üsva Zeynəb, PGMŞ-nin layihə meneceri Daniş Tariq çıxış edərək, Nizami Gəncəvinin əsərlərinin əhəmiyyətindən, orta əsrlər Şərq poeziyasına verdiyi töhfələrdən, eləcə də Nizami və pakistanlı şair Əllamə İqbal poeziyası arasında olan oxşarlıqlardan bəhs ediblər. Tələbə, alim və ekspert, eləcə də Pakistanın aparıcı ictimai qurumlarının nümayəndələrinin iştirak etdiyi tədbirdə Nizami Gəncəvinin qəzəlləri səsləndirilib.
İƏT Gənclər Forumu Avrasiya Regional Mərkəzinin bu kimi tədbirlər keçirməsinin əsas məqsədi İslam coğrafiyasında xalqların mədəniyyətlərini bir-birinə tanıtmaqdır. Bu tədbirin də məqsədi məhz Nizami Gəncəvi poeziyasının müsəlman Şərqində öyrənilməsinə töhfə vermək, şairin humanist ideyalarının təbliğidir.
Qeyd etmək lazımdır ki, bu, Nizami Gəncəvini 880 illik yubileyinə həsr edilmiş İƏT Gənclər Forumu ARM-nin həyata keçirdiyi 5-ci beynəlxalq tədbirdir.