SİYASƏT
Pakistanın federal ərzaq təhlükəsizliyi və tədqiqat naziri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
Bakı, 7 dekabr, AZƏRTAC
Pakistan İslam Respublikasının federal ərzaq təhlükəsizliyi və tədqiqat naziri Sikandar Hayat Xan Bosanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.
AZƏRTAC xəbər verir ki, nümayəndə heyəti dekabrın 7-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi anılıb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.
Bakının ən yüksək nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi, şəhərdə aparılan abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.