SİYASƏT
Pakistanın Preston Universitetində “Azərbaycan-Pakistan Gənclər Cəmiyyəti” nəzdində Gənclər Klubu açılmışdır
![Pakistanın Preston Universitetində “Azərbaycan-Pakistan Gənclər Cəmiyyəti” nəzdində Gənclər Klubu açılmışdır](/files/2013/3/1200x630/14071451612202240956_1200x630.jpg)
İslamabad, 28 noyabr (AZƏRTAC). Azərbaycanın Pakistandakı səfirliyinin dəstəyi ilə bu ölkənin Preston Universitetində “Azərbaycan-Pakistan Gənclər Cəmiyyəti” (APGC) nəzdində Gənclər Klubunun açılış mərasimi keçirilmişdir.
Mərasimdə Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov, səfirliyin əməkdaşları, senator, professor Səidə İqbal, Milli Assambleyanın deputatları Asiya Naz Tanoli, Fərhanə Qəmər və Malik Şakir Avan, Preston Universitetinin rektoru, professor Abdul Basit, “Azərbaycan-Pakistan Gənclər Forumu”nun prezidenti Asif Nur, professor-müəllim heyəti, jurnalistlər iştirak etmişlər.
Preston Universitetinin rektoru Abdul Basit ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə inkişaf etdiyini bildirmiş, xalqlarımızın qardaşlıq münasibətlərdən danışmışdır. Bildirilmişdir ki, iki qardaş ölkə gənclərini birləşdirən cəmiyyətin fəaliyyəti xalqlarımız arasında əlaqələrin inkişafına təkan verəcəkdir. Rektor Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunda iştirakı haqqında da məlumat vermiş, bu tədbirin əhəmiyyəti, Forum çərçivəsində keçilən görüşlər haqqında danışmışdır.
APGC-nin prezidenti Asif Nur bu ilin iyun ayında təsis olunmuş qurumun fəaliyyəti haqqında məlumat vermişdir. O, Gənclər Klubunun Preston Universiteti ilə yanaşı Qujrat, Kayde Azam, Fatma Jinnah və Kəşmir universitetlərində, həmçinin Bakı Dövlət, Slavyan, Xəzər, Qafqaz universitetlərində və Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında da fəaliyyət göstərəcəyini vurğulamışdır. A.Nur üçüncü Bakı Beynəlxalq Humanitar Forumunda iştirakı haqqında da söhbət açmış, Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarında, universitetlərdə apardığı görüşlər barədə məlumat vermişdir.
Daşqın Şikarov APGC-nin fəaliyyəti və Gənclər Klubunun yaradılma təşəbbüsünü təqdirəlayiq hesab edərək bildirmişdir ki, belə layihələr ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da inkişafına xidmət edəcəkdir. Səfir, Azərbaycan dövlətinin gənclərə qayğısından, ali təhsil almaq üçün onlara yaradılmış şəraitdən, sosial problemlərinin həlli yolunda atılan addımlardan danışmışdır. O, Azərbaycan gənclərinin Pakistan haqqında kifayət qədər məlumatlı olduqlarını, Bakı Dövlət Universitetində urdu dili ilə yanaşı, Pakistanın tarixi və ədəbiyyatının tədris olunduğunu da bildirmişdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad