PAN Gİ MUN “SƏKKİZLİYİ” BÖHRANLARA QARŞI MÜBARİZƏ TƏDBİRLƏRİ GÖRMƏYƏ ÇAĞIRIR
AZƏRTAC xarici informasiya agentliklərinə istinadla xəbər verir ki, BMT-nin Baş katibi Pan Gi Mun “Böyük səkkizlik” ölkələrinin liderlərini üç əsas problemə - dünya ərzaq böhranına, qlobal istiləşməyə və ölkələrin sosial-iqtisadi inkişafı yolundakı maneələrə qarşı mübarizə üçün qəti tədbirlər görməyə çağırmaq niyyətindədir.
BMT-nin Baş katibi iyunun 26-da Asiya ölkələrinə səfərə yola düşməzdən əvvəl jurnalistlərlə görüşündə demişdir: “Bu il “Səkkizlər qrupu”nun Hokkaydoda keçiriləcək görüşü fövqəladə məsələlərə həsr edilmişdir. Mübaliğəsiz deyə bilərəm ki, biz hamımız bir-biri ilə qarşılıqlı bağlı olan və təxirəsalınmaz tədbirlər görülməsini tələb edən üç böhranla üzləşmişik. Bunlardan birincisi və bəşəriyyətə ən güclü təzyiq göstərəni - qlobal ərzaq böhranı, ikincisi - iqlim dəyişmələri… və üçüncüsü - ölkələrin, xüsusən Afrika ölkələrinin düşdüyü fövqəladə vəziyyətdir”.
Baş katibin səfəri “Böyük səkkizliyin” iyulun 7-dən 9-dək Yaponiyanın Hokkaydo adasında keçiriləcək sammitində iştirakı ilə başa çatacaqdır.
Pan Gi Munun sözlərinə görə, o, “səkkizlik” ölkələrindən hər birinin rəhbərinə müraciət göndərəcək, həmin müraciətində bu üç mühüm problemin həlli ilə əlaqədar “öz narahatlığını şərh edəcək və onları lider kimi fəallığa çağıracaqdır”.
Baş katib demişdir ki, “səkkizlik” ölkələrinin sammitində o, dünya ərzaq böhranının aradan qaldırılması üçün bu il iyunun əvvəllərində BMT-nin Romada keçirilmiş beynəlxalq forumunda razılaşdırılmış tədbirləri tezliklə həyata keçirməyə çağıracaqdır.
Pan Gi Mun demişdir: “Bu böhranı aradan qaldırmaq üçün bizə ikinci “yaşıl inqilab” lazımdır”.
Xatırladaq ki, birinci “yaşıl inqilab” dedikdə, 1950-60-cı illərdə ABŞ-da və Meksikada yeni texnologiyaların tətbiq edilməsi hesabına kənd təsərrüfatının sürətli inkişafı nəzərdə tutulur.
İqlimin dəyişməsi məsələsinə gəldikdə isə, BMT-nin Baş katibi ilk növbədə bir məqamın dəqiqləşdirilməsini zəruri hesab edir: istixana qazlarının atmosferə atılmasını məhdudlaşdırmaq üçün gələn ilin sonuna qədər müvafiq saziş bağlamaq mümkün olacaqmı? Onun sözlərinə görə, dünya birliyi qlobal istiləşmənin və onun nəticələrinin aradan qaldırılması üçün öz qarşısına daha böyük məqsədlər qoymalıdır. Bununla əlaqədar, atmosferə istixana qazları atılmasının azaldılması üçün əvvəllər işlənib hazırlanmış beynəlxalq sənədlərdə nəzərdə tutulduğu kimi 2050-ci ilə qədər deyil, 2020-ci ilə qədər əhəmiyyətli nəticələrə nail olmaq lazımdır.
Baş katib Afrikanın ən yoxsul ölkələrinə kömək məsələsi ilə əlaqədar bəyan etmişdir ki, inkişafa dair beynəlxalq proqramların, xüsusəndə səhiyyə sahəsində nəzərdə tutulmuş proqramların maliyyələşdirilməsini gücləndirmək lazımdır. Bu sahədə ana və uşaqların mühafizəsi, yerli səviyyədə təbabətin inkişaf etdirilməsi, immun çatışmazlığı virusu/QİÇS, malyariya, vərəm kimi yoluxucu xəstəliklərə, bir sıra tropik xəstəliklərə qarşı mübarizə ilə bağlı tədbirlərə xüsusi önəm verilməlidir.
BMT-nin Baş katibi çıxışının sonunda demişdir: “Dünya birliyi çox nadir hallarda bu cür stress vəziyyətində olmuşdur. Bəşəriyyəti birləşdirən əlaqələr zəifləməkdədir. Ona görə də biz bu böhranlı vəziyyətdə ümumi gələcəyimiz naminə əlaqələri qoruyub saxlamaq üçün mümkün olan hər şeyi etməliyik”.