“Pandemiya dövründə gənclər və idman siyasəti” mövzusunda vebinar keçirilib
Bakı, 13 iyun, AZƏRTAC
Nərimanov Rayon İcra Hakimiyyətinin, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Gənclər və ünsiyyət” silsilə onlayn görüşləri çərçivəsində “Pandemiya dövründə gənclər və idman siyasəti” adlı vebinar keçirilib.
BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, görüşün məqsədi “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası, könüllülük fəaliyyətini gənclər arasında təbliğ edilməsi, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadəsi, könüllülük hərəkatının inkişafı, gənclərin fiziki inkişaf səviyyəsinin yüksəldilməsi, onların fiziki sağlamlıqlarının möhkəmləndirilməsi, inkişaf etdirilməsi və pandemiya dövründə ev şəraitində müntəzəm olaraq idman məşğələlərinə cəlb olunması istiqamətində müzakirələrin aparılması, bədən tərbiyəsi və idmanın təbliği işlərinin daha da genişləndirilməsi, gənclərin asudə vaxtının səmərəli təşkil edilməsi, onları maraqlandıran sualların cavablandırılması olub.
Onlayn konfransı açan Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilməsi nəticəsində əldə olunan nailiyyətlərdən söhbət açıb.
Vebinarda çıxış edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova qeyd ediblər ki, hazırda gənclər siyasəti dövlətimizin sosial-siyasət kursunun və insan kapitalının inkişafı prosesinin əsas istiqamətlərindən biridir. Ulu Öndərin milli dövlətçilik irsini bu sahədə də uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iqtisadi və hərbi qüdrəti, siyasi nüfuzu regional və qlobal miqyasda davamlı olaraq artan respublikamızda gənclərin hərtərəfli inkişafı üçün mühüm addımlar atır. Onların intellektual və innovativ yaradıcılıq potensialının reallaşmasına şərait yaradan, ictimai təşəbbüslərini dəstəkləyən lazımi qərarlar qəbul edir. Son illərdə ardıcıllıqla qəbul edilmiş və hazırda uğurla həyata keçirilməkdə olan “Azərbaycan gənclərinin inkişaf strategiyası (2015-2025-ci illər)”, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı gənclərin yaradıcı innovativ potensialının üzə çıxarılmasına, azərbaycançılıq və dövlətçilik prinsipi əsasında tərbiyəsinə, onlar arasında milli-dini dözümlülük, sülhsevərlik, humanizm dəyərlərinin təbliğinə, sağlamlığının qorunmasına, təhsil və məşğulluq məsələlərinə, qərarların qəbulu prosesində iştirakının artırılması və s. məsələlərə yeni imkanlar yaradır.
Çıxış edən vebinar iştirakçıları pandemiya dövrü üçün müxtəlif təkliflər səsləndirib, gənclərin fiziki inkişaf səviyyəsinin yüksəldilməsi, onların fiziki sağlamlıqlarının möhkəmləndirilməsi, inkişaf etdirilməsi, bədən tərbiyəsi və idmanın təbliği işlərinin daha da genişləndirilməsi, gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsi və pandemiya dövründə ev şəraitində müntəzəm idman məşğələlərinə cəlb olunması istiqamətində müzakirələr aparıblar. Çıxışlarda “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası ilə bağlı aparılan ictimai müzakirələrdə gənclər təşkilatlarının nümayəndələrinin fəal iştirakının önəmi qeyd olunub.