Paris Notr-Dam kilsəsində baş vermiş yanğından bir il ötür
Paris, 15 aprel, AZƏRTAC
2019-cu il aprelin 15-də Fransanın paytaxtında yerləşən Paris Notr-Dam kilsəsində baş vermiş yanğından bir il ötməsinə baxmayaraq, burada bərpa işləri hələ də aparılmır.
AZƏRTAC xəbər verir ki, ötən ilin payız və qış aylarında hava şəraitinə görə fasilə verilən bərpa işləri bu il COVID-19 epidemiyasına görə tamamilə dayandırılıb. Kafedral kilsəsində baş verən yanğından sonra Fransa Prezidenti onun 5 ilə bərpa olunacağını və istifadəyə veriləcəyini demişdi. İldə 13-14 milyon insanın ziyarət etdiyi kafedral kilsənin yanğından sonra uçmaq təhlükəsinin olması tez-tez səsləndirilir.
Yanğından sonra kilsənin bərpası üçün 902 milyon avro ianə vəd edildi. Lakin bu məbləğin heç də hamısının ödəniləcəyi dəqiq deyil. Kilsənin təmir işlərinə rəhbərlik edən general Jan-Lui Jorjelən işlərin yerinə yetirilməsi üçün 304 min ianəçinin vəd etdiyi məbləğə ehtiyac olacağını xatırladıb.
Fransada İrs Fondu kilsənin bərpası üçün 140 ölkədən 236 min 146 donordan 227 milyon 817 min 272 avro ianə toplayıb.
Donorlar arasında 259 yerli kollektiv, 3700-ə yaxın fransız və xarici sahibkar var. İanə vədlərinin 90 faizi əmniyyətlidir. İanələrin 40 faizi - 80 milyon avro artıq toplanıb. Qeyd edilir ki, qalan vəsait il ərzində işlərin gedişinə uyğun olaraq ödəniləcək.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris