PARLAMENT NÜMAYƏNDƏ HEYƏTİNİN BOLQARISTANA RƏSMİ SƏFƏRİ BAŞA ÇATMIŞDIR
Azərbaycan parlament nümayəndə heyəti Bolqarıstan Xalq Məclisinin plenar iclasında da iştirak etmişdir. Xalq Məclisinin üzvləri deputatlarımızı hərarətli alqışlarla qarşılamışlar. Həmin gün Bolqarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüş keçirilmişdir. Bolqarıstan Xalq Məclisinin deputatı Rəmzi Osman başçılıq etdiyi parlament dostluq qrupunun fəaliyyəti barədə qonaqlara ətraflı məlumat vermişdir. Görüşdə parlament dotluq qruplarının gələcək fəaliyyəti barədə fikir mübadiləsi aparılmışdır.
Milli Məclisin sədri Murtuz Ələsgərov Bolqarıstan dostluq qrupunun üzvlərini Azərbaycana dəvət etmişdir.
Daha sonra parlament nümayəndə heyətinin Bolqarıstan Xalq Məclisinin xarici siyasət, müdafiə və təhlükəsizlik komitəsinin rəhbərliyi ilə görüşü olmuşdur. Görüşdə ikitərəfli münasibətlərin inkişafı, qanunvericilik sahəsində təcrübə mübadiləsi aparılmışdır.
Sentyabrın 30-da nümayəndə heyətimizin Bolqarıstan Baş nazirinin müavini, nəqliyyat və kommunikasiya naziri Nikolay Vasilyevlə görüşü olmuşdur. Görüşdə nəqliyyat sahəsində əməkdaşlıq, Sofiya-Bakı birbaşa təyyarə reysinin açılması məsələsi müzakirə edilmişdir.
Günün ikinci yarısı nümayəndə heyəti Bolqarıstanın Milli tarix muzeyi, Aleksandr Nevski xatirə kompleksi və başqa tarixi yerlərlə tanış olduqdan sonra Vətənə qayıtmışdır. Murtuz Ələsgərov başçılıq etdiyi nümayəndə heyətini Bolqarıstan Xalq Məclisi sədrinin müavini Lyuben Kornezov və digər rəsmi şəxslər yola salmışlar.
X X X
Oktyabrın 1-də Milli Məclisin sədri Murtuz Ələsgərovun başçılıq etdiyi parlament nümayəndə heyəti Vətənə qayıtmışdır. Heydər Əliyev adına beynəlxalq hava limanında nümayəndə heyətini Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadə, sədr müavini Ziyafət Əsgərov və digər rəsmi şəxslər qarşılamışlar.
Parlamentin spikeri Murtuz Ələsgərov səfərin yekunları barədə jurnalistləri maraqlandıran suallara cavab vermişdir.