PARLAMENTLƏRARASI ƏLAQƏLƏRİN GENİŞLƏNMƏSİ ÜMUMƏN ƏMƏKDAŞLIĞIN İNKİŞAFINA TƏKAN VERƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 5-də Macarıstan parlamentinin sədri Katalin Sili Milli Məclisə gəlmişdir. Parlamentin binası önündə hörmətli qonağı Milli Məclisin sədri Oqtay Əsədov və digər rəsmi şəxslər qarşıladılar.
Macarıstan parlamentinin sədri Milli Məclisdə Heydər Əliyev Xatirə muzeyi ilə tanış oldu, xatirə kitabına ürək sözlərini yazdı.
Əvvəlcə parlament sədrləri arasında təkbətək görüş oldu. Sonra görüş geniş tərkibdə davam etdirildi.
Oqtay Əsədov demişdir ki, Avropaya inteqrasiya müstəqil Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindəndir. Bu baxımdan Azərbaycan Avropa İttifaqının üzvü olan Macarıstan ilə də münasibətlərin genişlənməsində maraqlıdır və bunun üçün geniş imkanlar var. Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana, eləcə də Macarıstan Baş nazirinin ölkəmizə səfərləri zamanı imzalanmış çoxsaylı sənədlər qarşılıqlı əlaqələrin hərtərəfli inkişafı üçün hüquqi baza yaratmışdır. Milli Məclisin sədri bildirmişdir ki, Macarıstan və Azərbaycan öz regionlarında ən çox inkişaf etmiş ölkələrdir və bu baxımdan əlaqələrin inkişafı hər iki tərəf üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycan həm də Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və Nabukko layihəsini dəstəkləyir.
Parlamentlərarası əlaqələrdən bəhs edən O.Əsədov demişdir ki, hər iki ölkənin qanunvericilik orqanında dostluq qrupları yaradılmışdır. Biz bu qrupların fəaliyyətinin genişləndirilməsinin, qarşılıqlı səfərlərin həyata keçirilməsinin tərəfdarıyıq. Çünki parlamentlərarası əlaqələrin genişlənməsi digər sahələrdə, eləcə də iqtisadi əməkdaşlığın inkişafına təkan verəcəkdir.
Regional münaqişələrdən söhbət açan O.Əsədov qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat vermişdir. O demişdir ki, Dağlıq Qarabağ problemi təkcə ölkəmizin deyil, bütöv bir regionun inkişafına böyük maneə törədir. Beynəlxalq qurumlar və dünya birliyi bu cür həssas məsələlərdə ardıcıl olmalı və prinsipial mövqe göstərməlidir. Cənubi Qafqazda son dövrdə baş vermiş hadisələr bölgədəki bu münaqişələrin həm də Avropa üçün böyük təhlükə olduğunu bir daha təsdiqlədi. Biz belə münaqişələrin ölkələrin ərazi bütövlüyü prinsipi əsasında, beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdarıq və bu məsələdə Macarıstanın dəstəyinə ümid edirik.
Cənubi Qafqazda ən çox inkişaf etmiş dövlət olan Azərbaycan ilə əlaqələrin genişlənməsində ölkəsinin maraqlı olduğunu bildirən xanım Katalin Sili demişdir ki, bu il oktyabrın sonlarında Bakıda Macarıstanın səfirliyi açılacaqdır. Dövlətlərarası münasibətlərin inkişafında ali qanunverici orqanların rolunu yüksək dəyərləndirən qonaq parlamentlərarası əlaqələrin genişləndirilməsinin, qarşılıqlı səfərlərin intensivləşməsinin vacibliyini vurğulamış, səfirlik açıldıqdan sonra bu məsələlərin həll olunacağına və əməkdaşlığın daha da inkişaf edəcəyinə ümidvar olduğunu söyləmişdir.
Söhbət zamanı belə bir fikir də vurğulandı ki, parlamentlərin müvafiq komissiyaları arasında birbaşa əlaqələrin yaradılması iqtisadi, humanitar, mədəni sahələrdə əməkdaşlığın dərinləşməsinə müsbət təsir göstərər.
Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Görüşdə Milli Məclis sədrinin müavini Bahar Muradova, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak etmişlər.
######
