MƏDƏNİYYƏT
Paytaxtdakı teatr və musiqi kollektivləri bölgələrdə qastrolda olub
![](/files/galleryphoto/2023/1/1200x630/16823382043606334980_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/168233820491655555_1200x630.jpg)
Bakı, 24 aprel, AZƏRTAC
“Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyi münasibətilə paytaxtda fəaliyyət göstərən bir sıra teatrların və musiqi kollektivlərinin bölgələrə yeni qastrol səfərləri təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşan qastrol aksiyasının məqsədi regionlarda mədəni həyatın fəallaşdırılması, əhalinin, xüsusilə də gənclərin asudə vaxtının daha mənalı keçirilməsi, yerli yaradıcı kollektivlərlə sıx ünsiyyət və faydalı təcrübə mübadiləsinə şərait yaratmaqdır.
Layihə çərçivəsində Azərbaycan Dövlət Mahnı Teatrının Estrada ansamblı aprelin 22-də Şamaxı Mədəniyyət Mərkəzində musiqisevərlərin qarşısına çıxıb. Həmin gün Arslan Növrəslinin caz qrupu etno-caz konserti ilə Heydər Əliyev adına Xaçmaz Mədəniyyət Mərkəzində çıxış edib.
Aprelin 24-də isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Abdulla Şaiqin “Danışan gəlincik” əsərinin tamaşasını Lənkəran Dövlət Dram Teatrında, A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı “Məlikməmməd” nağıl-tamaşasını Qusar Dövlət Ləzgi Dram Teatrında, Azərbaycan Dövlət Pantomima Teatrı isə “Pantomima buketi” səhnə əsərini İsmayıllı Mədəniyyət Mərkəzində nümayiş etdirib.
Bölgələrə qastrol səfərləri may ayında da davam edəcək.
Xatırladaq ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə paytaxtda fəaliyyət göstərən bir sıra teatrlar mart ayında da bölgələrdə qastrol səfərində olmuş, ümumilikdə səkkiz tamaşa nümayiş etdirilmişdi.