Pedaqoji Universitetdə COP29-a həsr olunmuş tədbir keçirilib
Bakı, 18 oktyabr, AZƏRTAC
Oktyabrın 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Strateji İnkişaf Mərkəzinin (SİM) təşəbbüsü ilə COP29-a həsr olunmuş tədbir keçirilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, tədbirin məqsədi tələbələri COP29 və iqlim dəyişikliyi ilə bağlı maarifləndirmək və təbiətə qarşı həssas münasibəti təşviq etmək olub.
Universitetin strateji inkişaf məsələləri üzrə prorektor Könül Pirverdiyeva çıxışında iqlim dəyişikliyinin səbəblərinə nəzər salıb.
“Bizim istifadə etdiyimiz hər bir məhsulun istehsalı üçün atmosferə böyük miqdarda zərərli qazlar buraxılır. İqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün birgə çalışmalıyıq. Kiçik dəyişikliklər belə böyük nəticələrə səbəb ola bilər”, - deyə prorektor qeyd edib.
Daha sonra ADPU SİM-in əməkdaşı, Bakı şəhəri 256 nömrəli məktəbin müəllimi Günəş Abbasova COP29 ilə bağlı təqdimat edib. Təqdimatda “COP nədir?”, “COP tədbirləri niyə həyata keçirilir?”, “COP29-un Azərbaycanda keçirilməsinin əhəmiyyəti” kimi mövzulara toxunulub. Eyni zamanda, tədbirdə iqlim dəyişikliyinə dair suallar ətrafında interaktiv müzakirələr aparılıb.