HEYDƏR ƏLİYEV - 1
Peru mətbuatı Ümummilli Lider Heydər Əliyevdən yazıb
![](/files/galleryphoto/2023/2/1200x630/16838405391445923140_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16838405395848646015_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16838405391406015595_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16838405395443454076_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16838405391506246912_1200x630.jpg)
Bakı, 12 may, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü Peru mətbuatında geniş işıqlandırılıb.
Azərbaycanın Perudakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, “La Razon”, “Prensa21” və “Guik” xəbər portallarında, “Peru Jurnalistlər Federasiyası”nın rəhbəri tərəfindən həmin qurumun internet səhifəsində, eləcə də ölkənin ən qədim və geniş oxuyucu kütləsinə malik “El Peruano” qəzetində dərc edilən və müəllifi Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov olan məqalələrdə müstəqil Azərbaycan dövlətinin qurucusu, ölkəmizin dövlətçilik tarixində dərin iz buraxmış Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinin xalqımız tərəfindən tərin ehtiram hissi ilə qeyd olunduğu diqqətə çatdırılıb.
Məqalələrdə Ümummilli Liderin keçdiyi şərəfli həyat yoluna qısa nəzər salınıb. Azərbaycan tarixinin ən çətin və keşməkeşli dövründə Ulu Öndər Heydər Əliyevin xalqı qarşısında xilaskarlıq missiyasını yerinə yetirdiyi, ölkəsini böhran və tənəzzüldən xilas edərək sabitlik və inkişaf yoluna qədəm qoyduğu vurğulanıb.
Qeyd olunub ki, Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi və məqsədyönlü siyasəti sayəsində Azərbaycan demokratik inkişaf yolunda əmin addımlarla irəliləyib, regionun aparıcı qüvvəsinə, dünya birliyinin fəal üzvünə çevrilib. Zəngin neft-qaz resurslarının dünya bazarlarına nəqlinə imkan verən layihələrin reallaşdırılması, ardıcıl sosial-iqtisadi islahatların həyata keçirilməsi, ən iri nəqliyyat layihələrinin tərkib hissəsinə çevrilməsi nəticəsində bu gün Azərbaycan yerləşdiyi bölgənin ən sürətli, dinamik inkişaf edən ölkələrindən hesab olunur.
Məqalələrdə Heydər Əliyevin uzaqgörən siyasətinin, hadisələrə baxışının və zəngin ideyalarının bu gün üçün də aktuallığını qoruyub saxladığı, nəticədə Azərbaycanın böyük coğrafiyaları birləşdirən nəqliyyat-energetika şəbəkələrində əsas hab rolunun daha da artdığı xüsusi vurğulanıb.
Diqqətə çatdırılıb ki, Azərbaycan regional və qlobal siyasətin müstəqil mərkəzindədir. Beynəlxalq münasibətlər sistemində ölkənin mövqeyinin getdikcə güclənməsində Heydər Əliyev tərəfindən müəyyənləşdirilən, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici və daxili siyasət kursunun həlledici rol oynadığı qeyd olunub.
Yazılarda Heydər Əliyevin bütün ömrünü xalqına və Vətəninə həsr etdiyi, Azərbaycan xalqının dahi şəxsiyyətin əziz xatirəsini qəlbində əbədi yaşatdığı qeyd olunub.