Peşə sahəsində onlayn karyera təlimləri
Bakı, 15 may, AZƏRTAC
Azərbaycanda peşə təhsili müəssisələrinin tələbələri üçün karyera üzrə onlayn təlim sessiyaları təşkil edilib.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, təlimlər Avropa İttifaqının maliyyə dəstəyi, BMT İnkişaf Proqramı, agentlik və Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyinin əməkdaşlığı çərçivəsində baş tutub.
Təlim proqramı karyera planlaşdırılması, fərdi peşəkar inkişaf planının tərtibi, iş axtarma yolları və müsahibə mərhələsinə hazırlıq mövzularını əhatə edib.
Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyinin mütəxəssisi tərəfindən aparılan ikihəftəlik təlim proqramı peşə təhsili tələbələrində gələcək işə dair daha aydın təsəvvür formalaşdırılmasına imkan yaradıb. Onlayn təlim sessiyalarında Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin və Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin 100-dən çox tələbəsi ilə yanaşı, müəllimləri də iştirak edib. Karyera təlim proqramının davamlılığı nəzərdə tutulur.
Xatırladaq ki, proqram Avropa İttifaqının maliyyələşdirdiyi, BMT İnkişaf Proqramı və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə icra etdiyi “Lənkəran iqtisadi rayonunda regional Model Peşə Təhsili Mərkəzinin yaradılması” və “Gəncədə sənaye üzrə regional Peşə Kompetensiya Təhsili Mərkəzinin yaradılmasına dəstək” layihələri çərçivəsində hazırlanıb. Koronavirus pandemiyası zamanı adıçəkilən layihələr peşə təhsili tələbələrinin dərslərdən geri qalmaması və təhsildə fəal iştirakı məqsədilə teledərslər, onlayn kurslar və karyera təlim sessiyalarının hazırlanmasına yardım edib.