Peşə təhsili pandemiya dövründə: bir sıra ixtisaslar üzrə videodərslər hazırlanıb
Bakı, 13 iyun, AZƏRTAC
COVID-19 pandemiyası peşə təhsilində də alternativ tədris və təlim metodlarını nəzərdən keçirməyi zəruri etdi.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, xüsusi karantin rejimində Peşə Təhsili üzrə Dövlət Agentliyi (PTDA) bir sıra peşə və ixtisaslar üzrə videodərslər hazırlayıb. Daha çox sayda peşəni əhatə etmək üçün Avropa Birliyi tərəfindən dəstəklənən layihələr çərçivəsində BMTİP və GİZ də bu təşəbbüsə qoşulub. Hazırlanan videodərslər "İT və proqramlaşdırma üzrə mütəxəssis”, "Geyim üzrə dizayner”, "Bərbər”, "Aşpaz”, "Qənnadçı-şirniyyatçı”, "İsitmə-soyutma, havalandırma sistemləri və avadanlıqları üzrə montajçı”, "Avtomobil diaqnostikası və təmiri mütəxəssisi” və "Mebel ustası” kimi ixtisasları əhatə edib. GİZ-in dəstəyi və özəl sektor nümayəndələrinin iştirakı ilə turizm istiqaməti üzrə peşələr üçün də ("Aşpaz köməkçisi”, "Hotel administratoru”, "Turizm təşkilatçısı”) videodərslərin yayımlanıb.
Peşə təhsili və təlimi sistemində təhsilalanların tədris prosesində iştirakını təmin etmək üçün mart ayından etibarən "Mədəniyyət” telekanalında həftədə iki dəfə olmaqla 4 videodərsin yayımı həyata keçirilib. Bu videodərslər agentliyin rəsmi "YouTube” kanalı, həmçinin video.edu.az portalı vasitəsilə paylaşılıb.