SİYASƏT
Peter Siyarto: Macarıstan Azərbaycanla münasibətlərin daha da inkişafında maraqlıdır
![Peter Siyarto: Macarıstan Azərbaycanla münasibətlərin daha da inkişafında maraqlıdır](/files/2023/3/1200x630/17007428633356228996_1200x630.jpg)
Bakı, 23 noyabr, AZƏRTAC
Noyabrın 23-də xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) çərçivəsində görüşlərdə və sammitdə iştirak məqsədilə ölkəmizdə səfərdə olan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan və Macarıstan arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri, o cümlədən cari regional vəziyyət müzakirə edilib.
Azərbaycan və Macarıstan arasında siyasi, iqtisadi, nəqliyyat, ticarət, enerji təhlükəsizliyi, təhsil, humanitar və digər sahələr üzrə əməkdaşlığın yüksələn xətt üzrə inkişafı məmnunluqla qeyd edilib. İki ölkə arasında enerji təhlükəsizliyi, o cümlədən alternativ enerji sahəsində əməkdaşlığın inkişafı vurğulanıb.
Nazir Ceyhun Bayramov, həmçinin postmünaqişə dövründə regionda mövcud vəziyyət, sülh gündəliyinin irəli aparılması istiqamətində Azərbaycan tərəfindən atılmış son addımlar və sülh prosesinin perspektivləri, ölkəmizin mövqeyi barədə qonağa məlumat verib. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə Azərbaycan tərəfindən aparılan bərpa və yenidənqurma işlərində macar şirkətlərinin iştirakı təqdirəlayiq hesab edilib.
Nazir Peter Siyarto Macarıstanın Azərbaycanla strateji xarakter daşıyan münasibətlərin daha da inkişafında maraqlı olduğunu, bu xüsusda mövcud potensialdan istifadənin zəruriliyini qeyd edib. İkitərəfli iqtisadi komissiya üzrə aparılan işlərdən məmnunluq ifadə olunub. Avropanın enerji təhlükəsizliyində Azərbaycanın roluna istinad edən nazir Peter Siyarto bu xüsusda həyata keçirilən birgə layihələrin əməkdaşlığa töhfəsini vurğulayıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.