Pirallahı rayonunda milli təhlükəsizlik orqanlarının yaradılmasının 100 illik yubileyi qeyd olunub
Bakı, 28 mart, AZƏRTAC
Martın 28-də Pirallahı Rayon İcra Hakimiyyətinin inzibati binasında Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 100 illiyi münasibətilə tədbir keçirilib.
Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov tədbirdə çıxış edərək Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) kollektivini əlamətdar yubiley münasibətilə təbrik edib. Bildirib ki, ölkəmizin ictimai-siyasi həyatında, dövlətçiliyin qorunmasında, ölkədə sabitliyin bərqərar olmasında təhlükəsizlik orqanlarının rolu əvəzedilməzdir. Ötən əsrin ortalarından başlayaraq təhlükəsizlik orqanlarında Vətənə, dövlətə və xalqa əsl sədaqət ideyalarını formalaşdıran Heydər Əliyev ənənələri bu gün də yaşadılır, Prezident İlham Əliyev tərəfindən böyük əzm və uğurla davam etdirilir. Bu gün Azərbaycan sosial-iqtisadi, ictimai-siyasi həyatın bütün sahələrində dinamik inkişaf edir. Bütün bu uğurlar ölkədə bərqərar olmuş ictimai-siyasi və sosial-iqtisadi sabitlikdən irəli gəlir.
Vurğulanıb ki, xüsusi xidmət orqanlarının əməkdaşları Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat fəaliyyətinin aşkarlanmasında və qarşısının alınmasında, beynəlxalq terrorçuluğa və transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə yüksək peşəkarlıq və qəhrəmanlıq nümayiş etdirirlər.
DTX Xəzər rayon idarəsinin Pirallahı ərazi bölməsinin rəisi Qədim Qasımov çıxışında Azərbaycan təhlükəsizlik orqanlarının yaranma tarixindən, inkişaf mərhələlərindən və keçdiyi şərəfli yoldan danışıb. Qeyd edib ki, Dövlət Təhlükəsizliyi Xidməti hazırda inkişafının yeni mərhələsinə qədəm qoyub. Müstəqilliyini əzmlə möhkəmləndirən, demokratik prinsiplərə əsaslanan sivil, hüquqi dövlət quruculuğu yolunda əmin addımlarla irəliləyən Azərbaycan Respublikası bu gün dövlətçilik ənənələrini daha da inkişaf etdirərək etibarlı gələcəyi, əbədiyaşarlığı üçün sarsılmaz təməl yaradıb. Bu sahədə üzərinə mühüm vəzifələr düşən DTX Azərbaycan xalqının ən böyük nailiyyəti olan dövlət müstəqilliyinin qorunub saxlanılmasında və daha da möhkəmləndirilməsində mühüm işlər görür.
Sonda Dövlət Təhlükəsizliyi Xidmətinin bir qrup əməkdaşı rayon icra hakimiyyəti tərəfindən fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb.