Polimer Materialları İnstitutu əməkdaşlarının məruzələri beynəlxalq konfransın toplusunda dərc edilib
Bakı, 7 aprel, AZƏRTAC
Polimer Materialları İnstitutunun əməkdaşları Rusiyanın Kazan şəhərində keçirilən XV Beynəlxalq yüksəkmolekullu birləşmələrin sintezi, xassələrinin tədqiqi, modifikasiyası və emalı konfransında iştirak ediblər.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Polimerlərin mexaniki-kimyəvi modifikasiyası və emalı laboratoriyasının müdiri kimya elmləri doktoru, professor Nəcəf Qəhrəmanovun və laboratoriyanın gənc alim və mütəxəssislərinin təqdim etdikləri 7 məruzə Polimerlər İnstitutunun 50 illiyinə həsr olunan konfransın toplusunda dərc olunub.
Təqdim olunan tezislərdə polimer kompozitlərin, nanokompozitlərin mexaniki-kimyəvi sintezi, tədqiqi və tətbiqi istiqamətləri araşdırılıb. Həmçinin poliolefin-mineral əsaslı yanmayan kompozitlərin, yüksək möhkəmliyə malik yeni tip dinamiki vulkanlaşmış nanokompozitlərin (elastoplastların), yarımkeçirici xüsusiyyətləri ilə fərqlənən kompozitlərin, ucuz və yüksək möhkəmliyə malik polimer-termokül nanokompozitlərin alınması və tədqiqi ilə əlaqədar geniş məlumat verilib.