Polis əməkdaşları qanvermə aksiyasına qoşulub
Xaçmaz, 10 may, Elxan Yusifli, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ilə əlaqədar Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları talassemiyalı və hemofiliyalı xəstələrə dəstək olmaq məqsədilə qanvermə aksiyasına qoşulublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun əməkdaşlarının iştirakı ilə Mərkəzi Qan Bankının Quba bölməsində təşkil olunan humanitar aksiyada Xaçmaz RPŞ-nin şəxsi heyəti fəal iştirak edib.
Xüsusi tibb briqadasının həkim-hematoloqları donorları müayinə etdikdən sonra onlardan qan götürüblər.
Aksiya iştirakçısı olan polis əməkdaşları qan xəstəliklərindən əziyyət çəkənlər üçün könüllü qan verməyin xeyirxah və savab iş olduğunu bildirərək, belə aksiyalarda yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğunu söyləyiblər.
Humanitar aksiya çərçivəsində əldə edilən qan nümunələri Respublika Mərkəzi Qan Bankına göndəriləcək və irsi qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.