Polis Kürdəmirdə əməliyyat keçirib, 6 nəfər saxlanılıb VİDEO
Kürdəmir, 7 sentyabr, AZƏRTAC
Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan 6 nəfər saxlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, son iki gün ərzində polis əməkdaşları rayonun müxtəlif ərazilərində, xüsusən də Aran qəsəbəsində heroin və patı, şüşə adı ilə tanınan psixotrop maddə olan metamfetaminin satışının təşkil ilə məşğul olan 3 nəfər rayon sakinini - Elnur Tarverdiyevi, Aqşin Bünyatovu və Səbuhi Nuriyevi şübhəli şəxs qismində saxlayıblar. Onların üzərinə və yaşadıqları mənzilə keçirilən baxış zamanı yüksək təsiredici qüvvəyə malik 18 bükümdə külli miqdarda heroin, 4 bükümdə metamfetamin və həmin kütlələrin çəkilməsi üçün istifadə edilən 2 elektron tərəzi aşkar edilərək götürülüb.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, habelə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 3 nəfər rayon sakini - Hüseyn Hüseynov, Elvin Mahmudov və Cəmşid Allahverdiyev saxlanılaraq polis şöbəsinə gətirilib. Onların üzərlərindən heroin aşkar edilərək götürülüb.
Saxlanılan şəxslər ilkin dindirmə zamanı cinayət əməllərini etiraf edərək, bu işdən peşman olduqlarını bildiriblər.
Faktlarla bağlı Kürdəmir Rayon Polis Şöbəsinin istintaq bölməsində cinayət işinə başlanılıb.