Politoloq: Avropa ölkələri Azərbaycanla münasibətləri daha da inkişaf etdirməyə maraq göstərir
Bakı, 7 may, AZƏRTAC
Avropa İttifaqı ilə münasibətlər son dövrlərdə daha da dərinləşib. Bu, Prezident İlham Əliyevin uzaqgörən, düşünülmüş və milli maraqlara əsaslanan siyasi kursunun məntiqi nəticəsidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Sahil Kərimli deyib.
O bildirib ki, Azərbaycan Avropa İttifaqı ilə həm siyasi, həm iqtisadi-ticari sahələrdə, həm də enerji layihələrinin həyata keçirilməsi istiqamətində geniş əməkdaşlıq edir. Xüsusilə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın mühüm rolu var və bu istiqamətdə bir sıra strateji layihələr uğurla icra olunub.
“Azərbaycan enerji təhlükəsizliyinin təmin olunması istiqamətində Avropa İttifaqı və onun üzv dövlətləri ilə sıx əməkdaşlıq edir. Avropa ölkələri Azərbaycanla münasibətləri daha da inkişaf etdirməyə maraq göstərir və bu, təbii olaraq yaranmış enerji çağırışları ilə bağlıdır. Eyni zamanda, bu münasibətlərdə siyasi amillər də mühüm rol oynayır. Azərbaycanın Cənubi Qafqazda dayanıqlı, ədalətli və uzunmüddətli sülhün təmin olunması istiqamətində səyləri, həmçinin Ermənistanla sülh sazişinin imzalanması artıq gündəmdədir. Bu istiqamətdə mühüm irəliləyişlər var, Ermənistan rəhbərliyinin konstruktiv mövqeyi müşahidə edilməkdədir. Avropa İttifaqı da regionda gedən siyasi proseslərə töhfə verməkdə maraqlıdır və bu baxımdan Azərbaycanla əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır”, - deyə politoloq əlavə edib.
Onun sözlərinə görə, Azərbaycan–Avropa İttifaqı münasibətləri bu gün daha da dərinləşməkdədir. Son dövrlərdə Avropa səviyyəsində bir sıra yüksəksəviyyəli rəsmi şəxslərin və liderlərin Azərbaycana səfərləri, Prezidenti İlham Əliyevlə keçirilən görüşlər, aparılan danışıqlar da bu münasibətlərin inkişafına xidmət edən mühüm addımlar kimi qiymətləndirilməlidir.