DÜNYA
Polşa Rusiyanın dondurulmuş aktivlərinin müsadirə olunmasını istəyir
Bakı, 4 fevral, AZƏRTAC
Polşanın Baş naziri Mateuş Moravietski dondurulmuş Rusiya aktivlərinin müsadirə edilməsinə və həmin vəsaiti enerji resurslarına xərcləməyə çağırıb.
AZƏRTAC xəbər verir ki, Mateuş Moravietski mətbuata açıqlamasında Rusiyanın və rus oliqarxlarının Polşada dondurulmuş pullarının ölkə əhalisinin xeyrinə istifadə oluna biləciyini deyib: “Mən hətta bu gün təklif edə bilərəm ki, bu vəsaitlərə nə qədər qaz və ya kömür alacağıq və beləliklə, bütün polyaklar üçün qiymətləri aşağı salacağıq”.
Mateuş Moravietski onu da vurğulayıb ki, müxalifət və hökumət qurumları Rusiya pullarının geri çəkilməsinə imkan verəcək Konstitusiyaya dəyişiklik təklifini dəstəkləsələr, o zaman həmin vəsait qaz və elektrik enerjisinin qiymətlərinin aşağı salınmasına sərf olunacaq.
Qeyd edək ki, bir müddət öncə Polşa Rusiya firmalarının və fiziki şəxslərin təxminən 33 milyon dollar məbləğində aktivlərini dondurub. Hazırda ölkədə Konstitusiyaya dəyişiklik edilməsi ilə bağlı müzakirələr gedir ki, bu aktivlər müsadirə olunsun.