PREZİDENT ADMİNİSTRASİYASININ RƏHBƏRİ RAMİZ MEHDİYEVİN ÇIXIŞI
Bu gün təqdimatına toplaşdığımız “Azərbaycanın qurtuluş tarixi” və “Böyük Xilaskar” kitabları bizi bir daha Heydər Əliyev fenomeni haqqında düşünməyə dəvət edir. Dahi şəxsiyyət, böyük insan, görkəmli siyasi və dövlət xadimi, təkcə Azərbaycana yox, dünyaya məxsus bir vətəndaş olan cənab Heydər Əliyev haqqında keçmiş zamanda danışmaq çətindir. Bizə elə gəlir ki, o, bu gün də bizimlədir. Amerikanın dövlət katibinin birinci müavini Riçard Armitac Heydər Əliyev haqqında çox yığcam və dərin fikir söyləmişdir. O demişdir: “Heydər Əliyevin ölümündən sonra dünya bir qədər balacalaşmışdır”. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Heydər Əliyevin siyasi qüdrətini qiymətləndirərək qeyd edirdi: “Mübaliğəsiz demək olar ki, o, siyasət nəhəngi idi”.
Heydər Əliyev haqqında onun sağlığında da, bu gün də tədqiqatlar aparılır, dissertasiyalar müdafiə olunur, monoqrafiyalar, məqalələr yazılır. Bu əsərlərin əsas leytmotivi ondan ibarətdir ki, Azərbaycanın ən yeni tarixinin mühüm bir dövrünü müstəqil dövlətçiliyimizin xilası, qorunub saxlanılması və inkişaf etdirilməsi uğrunda mübarizə təşkil edir. Bu mübarizəni xalqımızın ümummilli lideri, XX əsr Azərbaycanının ən görkəmli dövlət və ictimai-siyasi xadimi Heydər Əliyev başlamış, müvəffəqiyyətlə həyata keçirmiş və dövlətimizin mükəmməl qurtuluş tarixini yaratmışdır.
Tarixi böyük şəxsiyyətlər, liderlər, görkəmli ictimai-siyasi və dövlət xadimləri yaradır. Tarixçilər və digər tədqiqatçılar onu qələmə alır, ümumiləşdirir və salnaməyə çevirir. Bütöv nəsillər isə bu tarixi təcrübələrdən nəticə çıxarır, bəhrələnir və gələcək həyatlarını qururlar. Bu yanaşmadan çıxış edərək, belə bir nəticəyə gəlmək olar ki, Heydər Əliyevin Azərbaycan dövlətinin rəhbərliyinə qayıdışı, onu məhv olmaqdan və dövlətçiliyin itirilməsindən xilas etməsi, güclü, dinamik inkişaf edən və milli varlığımızı yaşadan ölkəyə çevirməsi, təkcə bugünkü deyil, ümumən gələcək nəsillər, Azərbaycan amalını qəlbində yaşadan bütün insanlar üçün epoxal əhəmiyyət kəsb edən dövlətçilik təcrübəsi idi.
Əslində, ümummilli liderimiz öz titanik fəaliyyəti ilə həm müstəqil Azərbaycanın qurtuluş tarixini yaratmış, həm də ölkənin siyasi, iqtisadi və ictimai inkişafının ən aktual məsələlərini işıqlandıran konseptual çıxış və nitqləri ilə həmin tarixi qələmə almışdır. Bizim borcumuz bu zəngin irsi tədqiq edib cəmiyyətə olduğu kimi, obyektiv təqdim etmək, göstərmək, onu nəsillərin yaddaşına əbədi həkk etdirmək və bu nümunə üzərində xalqımızın gələcəyini qurmaqdan ibarətdir. Təqdimatına toplaşdığımız “Azərbaycanın qurtuluş tarixi” və “Böyük Xilaskar” kitabları bu baxımdan göstərilən cəhdlərdən biridir.
Heydər Əliyev bütün mənalı həyatını Azərbaycana, xalqının milli-mənəvi varlığının qorunması və çiçəklənməsinə, onun firavan həyatının təmin edilməsinə, dünya xalqları sırasında layiqli yer tutmasına həsr etmişdir. Bu tarixi şəxsiyyətin zəngin həyatının böyük bir dövrü onun müstəqil Azərbaycan dövləti uğrunda apardığı mübarizə və fəaliyyətdən ibarət olmuşdur. Bəhs edilən “Azərbaycanın qurtuluş tarixi” kitabının bu gün təqdim olunan ilk dörd cildi qurtuluş hərəkatına həsr edilmişdir. Çapa hazırlanan sonuncu - beşinci cild isə 1995-2003-cü illərdə müstəqil dövlətin qurulmasına və inkişafına həsr olunacaqdır.
Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyinin, demək olar ki, bütün dövrü bu kitablarda öz əksini tapır. Lakin bu kitablar bizi Azərbaycanın qurtuluş tarixinin, Heydər Əliyevin xilaskarlıq fəaliyyətinin tam öyrənilməsi fikrinə gətirməməlidir. Bu, sadəcə, həmin dövrün siyasi təsvirini vermək cəhdidir, hadisələrin nəqlidir. Əlbəttə, kitab üzərində işləyən insanların zəhmətinə, onların gördüyü mühüm işin əhəmiyyətinə zərrə qədər belə xələl gətirmədən, qeyd etmək istəyirəm ki, bu işə tarixçilər, siyasətşünaslar, bizim müvafiq elm və tədqiqat mərkəzləri qoşulmalı, Azərbaycan tarixinin bu dövrünü dərindən tədqiq etməlidirlər. Tarixin Azərbaycana bəxş etdiyi bu nadir şəxsiyyətin hərtərəfli fəaliyyəti və yaradıcılığı elə böyük və zəngin bir sahədir ki, onun diqqətəlayiq şəkildə öyrənilməsi yalnız bir çox ixtisas üzrə çalışan təcrübəli alim və mütəxəssislərin birgə səyləri ilə həyata keçirilə bilər. Bu cür əsərlər təkcə Azərbaycan dilində deyil, xarici dillərdə də yazılmalı və başqa ölkələrdə də yayılmalıdır. Heydər Əliyev təkcə Azərbaycanın milli sərvəti deyil, o, bütün bəşəriyyətə məxsusdur. Ona görə də, biz ən yeni tariximizin bu mühüm, hadisələrlə zəngin və mürəkkəb dövrünü - Qurtuluş tariximizi və Xilaskarımızı həm özümüz öyrənməli, gələcək nəsillərə çatdırmalı, həm də xarici ölkələrdə təbliğ etməliyik.
Yeri gəlmişkən, bir məsələyə də toxunmaq istəyirəm. Son bir neçə ildə Heydər Əliyev haqqında, onun fəaliyyətinin ayrı-ayrı istiqamətləri barədə müxtəlifyönlü kitablar və məqalələr qələmə alınmışdır. Yuxarıda qeyd etdiyim kimi, bu, çox yaxşı haldır. Bununla insanlar çalışırlar ki, öz rəhbərinin fəaliyyətinə qiymət versin, onun haqqında fikir söyləsin, ona olan münasibətlərini ifadə etsinlər. Lakin təəssüflə qeyd etməliyəm ki, bu kitabların və məqalələrin bir qismi heç də səriştəli adamlar tərəfindən yazılmır. Bəzən isə ayrı-ayrı “müəlliflərin” bu işə münasibəti konyunktura xarakteri daşıyır. Hələ sağlığında Heydər Əliyev belə hallara qarşı çox mənfi münasibət bəsləyirdi. İndi də bəzi adamlar tərəfindən Respublika Prezidenti haqqında çox səthi, məzmunu və mahiyyəti anlaşılmayan aşağı səviyyəli kitablar yazmağa cəhd göstərilir. Biz, əlbəttə, belə hallarla barışmamalıyıq. Milli lider haqqında kitab yazmaq alqışlanası haldır, lakin bunu Heydər Əliyev siyasi irsini peşəkarcasına tədqiq, təhlil etməyi bacaranlar etməlidir. Böyük şəxsiyyət haqqında kitabların yazılması insanlardan bilik və məsuliyyət tələb edir.
Heydər Əliyev Azərbaycan tarixinin böyük bir mərhələsinin bilavasitə yaradıcısı olmuşdur. Onun təkcə Sovet hakimiyyəti illərindəki fəaliyyəti böyük bir təcrübə xəzinəsidir, dövlət idarəçiliyi akademiyasıdır. Azərbaycanın bu gün bəhrələndiyi iqtisadi, siyasi, elmi, hərbi, enerji, mədəni, ictimai və sosial potensialı məhz o illərdə Heydər Əliyev uzaqgörənliyi nəticəsində yaradılmışdır. Azərbaycan dili, azərbaycançılıq ideyası, vətənpərvərlik hissləri məhz o illərdə xalqımızın şüuruna əbədi hakim kəsilmişdir.
“Azərbaycanın qurtuluş tarixi” və “Böyük Xilaskar” kitabları SSRİ-nin dağılması, müstəqillik meyillərinin güclənməsi, Azərbaycanın müstəqil dövlətə çevrilməsi və müstəqil dövlət quruculuğu prosesində ümummilli liderimizin fəaliyyətini təsvir edir. Kitablarda Heydər Əliyevin bütün bu proseslərdə rolu, fəaliyyətinin məqsəd və mahiyyəti, nəticələr düzgün qiymətləndirilir. Xüsusən erməni lobbisinin ciddi səyi ilə SSRİ rəhbərliyindən istefaya göndərilən Heydər Əliyevin sonrakı fəaliyyətinin Azərbaycanda başlanan xalq hərəkatına təsiri, 1990-cı illərdən bu hərəkatın milli azadlıq hərəkatına çevrilməsindəki rolu, hesab edirəm ki, çox düzgün şərh edilir.
Mən bu məsələyə bir neçə dəfə toxunmuşam, lakin bu gün bir daha qayıtmaq istəyirəm. Bəzən siyasi ədəbiyyatda Azərbaycanda 1988-89-cu illərdə Dağlıq Qarabağda erməni separatçılarının fəaliyyətinə, Moskvanın bu məsələyə ədalətsiz münasibətinə və o zamankı Azərbaycan rəhbərliyinin milli maraqlara zidd mövqeyinə qarşı başlanan kütləvi xalq etirazlarını, o zamankı mitinq və yürüşləri milli azadlıq hərəkatı kimi təqdim edirlər. Əsasən də bu mövqe müxalifətin mətbu orqanlarında geniş yer alır. Ancaq bu, qətiyyən belə deyildir. Azərbaycanda 1990-cı ilin yanvar qırğınına qədər heç bir siyasi qüvvə SSRİ tərkibindən çıxmaq, müstəqil dövlətə, milli azadlığa nail olmaq haqqında məsələ qoymurdu. Bu, sadəcə olaraq, kütləvi xalq etirazı, ən yaxşı halda, xalq hərəkatı idi. Milli azadlıq, müstəqillik uğrunda mübarizə, SSRİ-yə qarşı açıq hərəkat və çağırışlar isə 1990-cı ilin yanvar hadisələrindən sonra səslənməyə və getdikcə intensivləşməyə başladı. Buna əsas təkan verən hadisə isə 1990-cı ilin 20 yanvar qırğını və mərhum Heydər Əliyevin yanvar ayının 21-də SSRİ rəhbərliyini ifşa edən, onları Azərbaycan xalqının günahsız qanının axıdılmasında ittiham edən çıxışı oldu.
Vətənimizin, onun müstəqilliyinin düşmənləri çox gözəl dərk edirdilər ki, Azərbaycanı düşdüyü bu olduqca ağır və mürəkkəb vəziyyətdən çıxarmağa yalnız bir şəxsiyyət - öz zəngin siyasi təcrübəsi, uzaqgörənliyi və qətiyyəti ilə dövrünün siyasi xadimləri içərisində seçilən Heydər Əliyev şəxsiyyəti qadirdir. Təsadüfi deyildi ki, həmin günlərdə həm Moskvada, həm də Bakıda o zamankı Kommunist partiyası rəhbərləri bütün gücləri ilə Heydər Əliyevə qarşı mübarizəyə başladılar, onu siyasi həyatdan təcrid etmək, Bakıya, Azərbaycana buraxmamaq üçün bütün tədbirləri gördülər.
Heydər Əliyevin Azərbaycana qaydışı ilə bütün respublikada, xüsusən onun məcburən təcrid şəraitində yaşmağa sövq edildiyi Naxçıvanda əsil milli azadlıq hərəkatı başlandı. Qısa müddətdə Naxçıvan milli mücadilənin mərkəzinə çevrilərək, SSRİ və Kommunist partiyası ilə bağlı bütün dövlət atributlarını dəyişdi, SSRİ-nin saxlanılması haqqında referendumdan imtina etdi, milli varlığımızı və müstəqilliyimizi təsdiq edən qərarlar qəbul olunması ilə Bakıya öz təzyiqlərini gücləndirdi.
Mən bu hadisələri sadalamaqla vaxtınızı çox almaq istəmirəm. Lakin qeyd etmək istəyirəm ki, Azərbaycanda milli azadlıq hərəkatının banisi və rəhbəri məhz elə Heydər Əliyev olmuşdur. Müstəqilliklə bağlı onun 1990-1991-ci illərdə həyata keçirdiyi bütün fəaliyyət də, nitqləri də, “Azərbaycanın qurtuluş tarixi” kitabında həmin dövrün təsviri də bunu bir daha təsdiq edir.
Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisi olmuşdur. O, dövləti 1993-cü ildə dağılmaqdan, məhv olmaqdan xilas etməklə bərabər, sonrakı illərdə onu əli ilə qurub və möhkəmləndiribdir.
Heydər Əliyevin qurtuluş missiyası bilavasitə 1993-cü ilin iyun ayında – onun Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlandı. Həmin dövrdə Azərbaycan böyük təhlükələrlə üz-üzə dayanmışdı. AXC-Müsavat cütlüyü cəmi bir illik hakimiyyəti dövründə milli və vətəndaş qarşıdurması yaratmış, respublikanı siyasi, iqtisadi, sosial və hərbi böhrana düçar etmiş, beynəlxalq aləmlə münasibətləri kəskinləşdirmiş və dövlətçiliyi çətin sınaq qarşısında qoymuşdu. Azərbaycan torpaqlarının bir-birinin ardınca Ermənistan tərəfindən işğalı, yüz minlərlə insanın didərgin vəziyyətinə salınması və evsiz-eşiksiz qalması, daxili silahlı toqquşma və vətəndaş müharibəsi faktları da nəzərə alınsa, ölkəmizin nə qədər ağır vəziyyətdə olduğunu təsəvvür etmək o qədər də çətin deyildir. Ölkəmiz məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Məhz Heydər Əliyevin iradəsi, vətənsevərliyi və müdrik siyasəti ilə Azərbaycan bütün bu çətinlikləri dəf etdi. Bundan sonra həmin dağıdıcı qüvvələr 1995-ci ilin sonuna qədər Heydər Əliyevə mane olmaq, onu aradan götürmək və öz məkrli planlarını həyata keçirmək üçün müxtəlif yollara əl atdılar. Lakin onlar xalqını və vətənini ürəkdən sevən, onun yolunda hər cür məhrumiyyətlərə hazır olan, iradəli, müdrik və cəsarətli bir liderlə üz-üzə gələrkən məğlub oldular. Azərbaycan öz müdrik və vəfalı oğlunun rəhbərliyi ilə böyük milli faciələrdən xilas oldu. Bütün bu hadisələr ardıcıllıqla “Azərbaycanın qurtuluş tarixi”ndə təsvir edilir.
Heydər Əliyevin qurtuluş missiyasının mühüm bir mərhələsi 1995-ci ildən başlayır və 2003-cü ilə qədər davam edir. Bu illərdə faciə və dağılmaqdan xilas edilmiş Azərbaycan yenidən quruldu, inkişaf etdirildi və dünyanın qabaqcıl dövlətləri sırasına çıxarıldı. Qurtuluş tarixinin bu dövrünə xüsusi diqqət ayrılmalı və həmin dövrdə həyata keçirilən cahanşümul fəaliyyət, xüsusilə yeni neft strategiyası, iqtisadi, siyasi və sosial islahatlar geniş tədqiq olunmalıdır. İnanıram ki, “Azərbaycanın qurtuluş tarixi” üzərində işləmiş insanlar gələcəkdə bu işi də sona çatdıracaqlar.
Hörmətli təqdimat iştirakçıları!
Müasir Azərbaycan Heydər Əliyevin necə böyük, qüdrətli və tarixi şəxsiyyət olduğunu bariz surətdə sübut edir. Məhz ona görə də “Azərbaycanın qurtuluş tarixi” kitabını ümummilli liderimizin əziz xatirəsinə böyük töhfə kimi qəbul etmək olar. Müstəqil Azərbaycana rəhbərlik etdiyi tarixən qısa bir müddətdə o, ölkəmizin inkişafının olduqca möhkəm təməlini qoydu, bu inkişafın perspektivlərini işıqlandıran ideya və prinsipləri müəyyən etdi. Bizə və gələcək nəsillərə bu böyük insanın, ümummilli liderin və XX əsrin görkəmli ictimai, siyasi və dövlət xadiminin həyatını, göstərdiyi fəaliyyəti yaxşı öyrənmək, ideyalarını mənimsəmək və həyatımıza tətbiq etmək qalır. Xalqımızın xoşbəxt gələcəyi bundan çox asılıdır.
Heydər Əliyevin dərindən düşünərək hazırladığı və qətiyyətlə həyata keçirdiyi daxili və xarici siyasət xətti bu gün bütün istiqamətlərdə uğurla davam və inkişaf etdirilir. Bunu ölkənin sosial-iqtisadi və siyasi mənzərəsi təsdiq edir. Bu məsuliyyətli və şərəfli missiyanın öhdəsindən ləyaqətlə gələn, Azərbaycanı Heydər Əliyev dühası işığında yaşadan Azərbaycan Prezidenti cənab İlham Əliyevdir.
Oktyabrın 15-də cənab İlham Əliyevin Prezidentliyinin bir ili tamam olur. Heydər Əliyev kimi, o da Prezidentliyinin ilk günündən özünün Azərbaycanın bütün vətəndaşlarının Prezidenti olduğunu bəyan etdi. Heydər Əliyev kimi, onun da siyasətinin prioritetləri ölkədə siyasi sabitliyin qorunub saxlanılması, demokratik cəmiyyətin qurulması, iqtisadiyyatın hərtərəfli inkişafı, əhalinin maddi və sosial problemlərinin yaxşılaşdırılması, Azərbaycanın ərazi bütövlüyünün bərpası və Avropaya inteqrasiyasından ibarətdir. Tam inamla deyə bilərik ki, artıq arxada qoyduğumuz bu bir il Azərbaycan üçün uğurlu il olmuşdur. Sosial-iqtisadi problemlərimizin həllində, dövlət quruculuğunda və demokratiyanın inkişafında ölkə daha irəli gedibdir. Prezident İlham Əliyevin 2004-cü il sentyabrın 24-də Amerikanın Kolumbiya Universitetindəki çıxışında qeyd etdiyi kimi, bu gün “Azərbaycan tam müstəqil siyasət həyata keçirən ölkədir. Biz heç bir ölkədən asılı deyilik, yalnız Azərbaycan xalqının iradəsindən asılıyıq”. Bu, həqiqətən də belədir. Şübhə yoxdur ki, xalqımızın firavan gələcəyi naminə bu siyasət əbədi və dönməz olacaqdır.
Diqqətinizə görə sağ olun!