SİYASƏT
PREZİDENT CORC BUŞ TALİBAN HÖKUMƏTİNƏ TƏLƏBLƏRİNİ AÇIQLAMIŞDIR
ABŞ Prezidenti sentyabrın 20-də axşam Kapitolidə Konqresin hər iki palatasına müraciətində demişdir: “Hər bölgədəki hər bir dövlət qərara gəlməlidir: Ya onlar bizimlədir, ya da terrorçularladır. Bu gündən belə terrorçuları gizlədən və ya dəstəkləyən ölkə ABŞ tərəfindən düşmən rejim sayılacaqdır”. Corc Buş çıxışında Taliban hökumətinin və onun gizlətdiyi Əl-Qayda təşkilatının başçılarına Birləşmiş Ştatların tələblərini açıqlamışdır: ədalətsiz olaraq dustaqxanalarda saxlanan Amerika vətəndaşları da daxil olmaqla, bütün əcnəbilər buraxılsın və xarici jurnalistlər, diplomatlar və humanitar təşkilatların işçiləri müdafiə olunsunlar, Əfqanıstanda olan bütün terrorçuların təlim düşərgələri dərhal və birdəfəlik bağlansın və hər bir terrorçu onu dəstəkləyənlərlə birgə müvafiq hökumət orqanlarına təslim edilsin, ABŞ-a terrorçuların təlim düşərgələrinə giriş təmin edilsin ki, onların fəaliyyat göstərmədiyinə əmin olaq.
Amerikanın bu tələbləri qeyd-şərtsiz yerinə yetirilməlidir. Corc Buş qətiyyətlə bildirmişdir ki, Taliblər terrorçuları təslim etməsələr, onların aqibətini paylaşmalı olacaqlar. Amerika prezidenti həmçinin dünya müsəlmanlarına da müraciət edərək demişdir ki, onların dininə hörmət edir. İslam milyonlarla amerikalının və Amerikaya dost olan ölkələrin milyonlarla əhalisinin etiqad etdiyi dindir. “Bizim düşmənimiz müsəlman dostlarımız və ərəb dostlarımız deyil, radikal terrorçu şəbəkəsi və onları dəstəkləyən hər bir dövlətdir. Terrorla müharibəmiz Əl-Qayda ilə başlayır, lakin bununla bitmir. Dünyada hər bir terrorçu tapılıb məğlub edilməyincə, bu mübarizə bitməyəcəkdir”.
Bu, təkcə Amerikanın savaşı deyildir. Bu, tərəqqiyə, plüralizmə, dözümlülüyə və azadlığa inananların savaşıdır. Hər bir ölkəni bizə qoşulmağını xahiş edirik. Bizim bütün dünyadakı polis qüvvəsinin, kəşfiyyat xidməti və bank sisteminin köməyinə ehtiyacımız olacaqdır”.
Xatırladaq ki, sentyabrın 11-də Nyu-York və Vaşinqtonda baş vermiş dəhşətli terror aktları nəticəsində həlak olanların sayı 6 min nəfərə çatmışdır.
Şəfəq Akifqızı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton