Prezident: əldə edilmiş nəticələr, xəstəliyin nəzarət altında saxlanması bizi sakitləşdirməməlidir

Bakı, 6 avqust, AZƏRTAC
Pandemiya ilə əlaqədar görülmüş işlərə bütövlükdə yüksək qiymət vermək olar. Ancaq əldə edilmiş nəticələr, eyni zamanda, xəstəliyin nəzarət altında saxlanması bizi sakitləşdirməməlidir. Mən bir daha qeyd etmək istəyirəm, üç həftə ərzində müsbət dinamika onu göstərir ki, bütün addımlar düzgün istiqamətdə atılmışdır. Karantin rejiminin əsas məqsədi ondan ibarətdir ki, biz insanlarımızı bu xəstəlikdən qoruyaq, onların həyatını qoruyaq, sağlamlığını qoruyaq və beləliklə, bu vəziyyətdən az itkilərlə çıxaq. Bu günə qədər biz buna nail ola bilmişik.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı bu fikirləri ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirədə səsləndirib.
Müsbət dinamikanın karantin rejiminin yumşalmasına gətirib çıxardığını qeyd edən dövlətimizin başçısı deyib: “Ancaq burada da çox ciddi nəzarət mexanizmi olmalıdır. İndi açılan obyektlərdə bütün sanitar-epidemioloji normalar tam təmin edilməlidir. Sosial məsafə təmin olunmalıdır. Obyektlərdə göstərilən xidmət yeni qaydalar əsasında təşkil edilməlidir. Ən əsas məsələ odur ki, buna nəzarət funksiyaları kimin üzərinə düşür? Siz gərək bu məsələ ilə bağlı ciddi təkliflər verəsiniz. Çünki gərək hansısa qurum, yaxud da ki, qurumlar və ya qurumların bir neçəsi bu məsələyə nəzarət etsin. Hesab edirəm ki, elektron vasitələrdən də istifadə olunmalıdır”.
İndiki şəraitdə rəqəmsallaşmaya daha çox fikir verməyin vacibliyini vurğulayan Prezident İlham Əliyev qeyd edib ki, həm dövlət, həm də özəl sektor tərəfindən göstərilən xidmətlər də ümumi nəzarət sisteminə inteqrasiya edilməlidir. “Hesab edirəm ki, bu məsələ də gərək çox ciddi nəzərə alınsın və onlayn videomüşahidə sistemləri təmin edilməlidir. Müvafiq dövlət qurumlarının imkanı olmalıdır ki, onlar bu videomüşahidəni aparsınlar. Əgər görsələr ki, sahibkarlar bu qaydaları pozur, onda onlar gərək cəzalandırılsın. Bu, birmənalıdır”, - deyə dövlətimizin başçısı bildirib.