PREZİDENT FƏRMANININ İCRASININ TƏMİN EDİLMƏSİNƏ HƏSR OLUNMUŞ MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR
Martın 1-də Təhsil Nazirliyində “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun tətbiq edilməsi barədə Azərbaycan Prezidentinin 2 yanvar 2003-cü il tarixli Fərmanının icrasının təmin edilməsinə həsr olunmuş müşavirə keçirilmişdir.
Dövlət və hökumət nümayəndələrinin, ali təhsil müəssisələri rəhbərlərinin, dilçi alimlərin, dil və ədəbiyyat müəllimlərinin, iştirak etdikləri müşavirəni təsil naziri, professor Misir Mərdanov açaraq Azərbaycan dili ilə bağlı vəziyyət və mövcud problemlərin aradan qaldırılmasında “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanununun və həmin qanunun tətbiq edilməsi barədə Prezident Heydər Əliyevin imzaladığı Fərmanın tarixi əhəmiyyətini diqqətə çatdırdı.
Natiq Azərbaycan dilinin dövlət dili kimi tətbiq olunmasında Prezident Heydər Əliyevin əvəzsiz xidmətlərini xüsusi vurğuladı.
Ölkəmiz müstəqillik əldə etdikdən sonra qazanılmış uğurlardan söhbət açan nazir təhsil müəssisələrində ana dili və ədəbiyyatımızın tədrisini təkmilləşdirmək üçün geniş iş aparıldığını söylədi.
Sonra Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Yusif Seyidov “Azərbaycan Respublikasında dövlət dili haqqında Qanun” mövzusunda məruzə ilə çıxış etdi.
Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, MEA-nın müxbir üzvü, professor Nizami Cəfərov, Azərbaycan Pedaqoji Universitetinin prorektoru Vilayət Əliyev, Bakı Slavyan Universitetinin rektoru, professor Kamal Abdullayev və başqaları ana dilimizin şirinliyindən, zənginliyindən danışdılar. Onun inkişafında Prezident Heydər Əliyevin tarixi rolunu xüsusi vurğuladılar.
Natiqlər eyni zamanda, milli müstəqillik və dövlətçiliyimizin əsas atributlarından biri olan ana dilimizin saflığının qorunmasının, vahid tədris planının hazırlanmasının zəruriliyindən söhbət açdılar. Ali və ümumtəhsil məktəblərində tədrisin hansı dildə aparılmasından asılı olmayaraq proqrama Azərbaycan dili fənnindən imtahanların salınmasını təqdir etdilər.
Müşavirədə Azərbaycan Prezidenti İcra Aparatı hümanitar siyasət şöbəsi müdirinin müavini Taryel Həsənov, Milli Məclis elm və təhsil daimi komissiyasının sədri Şahlar Əsgərov, Baş nazirin müavini Elçin Əfəndiyev, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin sədri Nizami Xudiyev iştirak edirdilər.