Prezident İlham Əliyev: Azərbaycan dünya miqyasında çox etibarlı tərəfdaş, ləyaqətli dövlət kimi tanınır
Bakı, 27 may, AZƏRTAC
Azərbaycanın xarici siyasəti prinsipial siyasətdir və müstəqil siyasətdir. Hesab edirəm ki, buna görə biz beynəlxalq aləmdə böyük nüfuza malikik və bu gün Azərbaycan dünya miqyasında çox etibarlı tərəfdaş, ləyaqətli dövlət kimi tanınır.
AZƏRTAC xəbər verir ki, Prezidenti İlham Əliyev bu fikirləri ADA Universitetində keçirilən məzun günündəki çıxışında bildirib. Dövlətimizin başçısı deyib ki, bizimlə hesablaşırlar, bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin saylı getdikcə artır və bütün beynəlxalq arenalarda Azərbaycan öz milli maraqlarını müdafiə edir. Xarici siyasətimiz daxili siyasətimizin davamıdır və ölkəmizin beynəlxalq nüfuzunun artırılmasına və iqtisadi maraqlarımızın təmin edilməsi istiqamətinə hesablanan xarici siyasətdir.
“Müstəqil siyasət aparmaq xüsusilə bizim bölgəmizdə və indiki şəraitdə o qədər də asan məsələ deyil. Ancaq bizim mövqeyimiz həmişə ondan ibarət olub ki, biz müstəqil siyasətimizlə xalqımızın maraqlarını təmin etməliyik. Azərbaycan xalqının maraqları bizim üçün hər şeydən üstündür. Məhz buna görə hesab edirəm ki, biz böyük hörmətə nail ola bildik və bunun əyani təzahürü BMT Təhlükəsizlik Şurasına seçilməyimizdir. 155 ölkə Azərbaycana etimad göstərib bizi dünyanın ən mötəbər qurumu olan Təhlükəsizlik Şurasına üzv seçmişdir. Bu, bizim beynəlxalq nüfuzumuzun bariz nümunəsidir. O gündən artıq bir neçə il keçibdir. Mən tam əminəm ki, bu gün Azərbaycan beynəlxalq müstəvidə daha da möhkəm dayaqlara və hörmətə layiq bir ölkədir”, - deyə Prezident qeyd edib.