PREZİDENT İLHAM ƏLİYEV KÜRDƏMİR OLİMPİYA İDMAN KOMPLEKSİNİN TƏMƏLİNİN QOYULMASI MƏRASİMİNDƏ İŞTİRAK ETMİŞDİR
Oktyabrın 6-da Kürdəmir şəhərində Olimpiya İdman Kompleksinin təməlinin qoyulması mərasimi olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.
Dövlətimizin başçısını burada idmançılar və inşaatçılar ehtiramla qarşıladılar.
Gənclər, idman və turizm naziri Əbülfəz Qarayev dövlətimizin başçısına məlumat verərək dedi ki, idman kompleksinin ərazisi 5,5 hektardır. Smeta dəyəri 5 milyard manat olan kompleksdə dünya standartlarına uyğun əl oyunları idmanı salonu, üzgüçülük hovuzu, stadion, tennis kortları, 4 ədəd ikimərtəbəli kottec və istirahət zonası nəzərdə tutulmuşdur. Burada hər biri 20 yerlik 5 hotel də tikiləcəkdir.
Prezident İlham Əliyev bu işlərin bir il ərzində başa çatdırılmasını tapşırdı. Eyni zamanda bildirdi ki, Kürdəmirdə 50 yerlik hotelin tikilməsi də vacibdir ki, çünki şəhər TRASEKA yolu üzərində yerləşir.
Dövlətimizin başçısı idman kompleksinin maketi ilə tanış oldu və müvafiq tövsiyə və tapşırıqlarını verdi. Bildirdi ki, binanın xarici görünüşünün memarlıq üslubuna da fikir verilməlidir. Üzgüçülük hovuzu isə beynəlxalq standartlara uyğun olmalıdır.
Prezident İlham Əliyev hər bir kürdəmirliyə Azərbaycan dövlətinin başçısı adından sağlam həyat arzulayan sözlər yazılmış gilizi kompleksin təməlinə atdı və ilk betonu tökdü.