PREZİDENT İLHAM ƏLİYEV ÜZGÜÇÜLÜK MƏRKƏZİNİN TİKİNTİSİ İLƏ TANIŞ OLMUŞDUR
İnşaatçılar, yerli sakinlər və idmançılar respublikamızın rəhbərini hərarətlə qarşılayaraq, ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan razılıqlarını bildirdilər, digər sahələr kimi, bu sahənin də inkişafında, genişlənməsində və vüsət almasında böyük xidmətləri olan Prezident İlham Əliyevə dərin təşəkkürlərini çatdırdılar.
Ümumi sahəsi 2500 kvadratmetr olan, minlərlə insanın sağlamlığına xidmət edəcək Mərkəz barədə dövlətimizin başçısına məlumat verildi. Bildirildi ki, müasir Avropa memarlığı üslubunda tikilən bu bina ən yüksək tələblərə cavab verir. Avadanlıq, tikinti materialları, əsasən, İsveçrədən alınıb gətirilmişdir. Beynəlxalq səviyyəli yarışlarda çıxış edəcək idmançıların hazırlanması üçün Mərkəzdə hər cür şərait yaradılmışdır. İkinci mərtəbədə yerləşən, yüksək qonaqlar, rəsmi nümayəndələr üçün nəzərdə tutulan “Şərəf” tribunası yaraşığı ilə diqqəti cəlb edir.
Dövlətimizin başçısı “Azərsun holdinq” şirkətlər qrupu tərəfindən tikilən Mərkəzin ayrı-ayrı bölmələri ilə yaxından tanış oldu, Naxçıvan şəhərində belə bir obyektin yaradılmasından razılığını bildirdi, gələcəkdə burada beynəlxalq səviyyəli idmançıların hazırlanacağına ümidvar olduğunu söylədi.
Şirkətin təmsilçiləri bildirdilər ki, Mərkəzdə tamamlama işləri tezliklə başa çatdırılacaqdır.
Prezident İlham Əliyev şirkətin nümayəndələrinə və inşaatçılara uğurlar dilədi.