Qadın Hüquqlarının Qorunmasına dair Beynəlxalq Liqa Təşkilatının nümayəndələri ilə görüş keçirilmişdir
Bakı, 23 aprel (AZƏRTAC). Aprelin 23-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında Belçika senatının fəxri spikeri, Qadın Hüquqlarının Qorunmasına dair Beynəlxalq Liqa Təşkilatının Azərbaycanda qadın hüquqlarının vəziyyətindən bəhs edən layihəsinin əlaqələndiricisi xanım Anna-Mariya Lizinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.
Şuradan AZƏRTAC-a bildirmişlər ki, görüşdə qurumun sədri Azay Quliyev Azərbaycanda qadınların cəmiyyətdəki çoxşaxəli rolu haqqında qonaqlara məlumat vermişdir. O, Azərbaycanın qadınların hüquqlarının müdafiəsi və dövlət idarəçiliyinə cəlb edilməsi baxımından bütün müsəlman dünyasına örnək bir ölkə olduğunu qeyd etmişdir.
A. Quliyev hələ 1918-ci ildə Şərqdə ilk dəfə rəsmi olaraq Azərbaycanda qadınlara seçib-seçilmək hüququnun verildiyini deyərək bu gün də onların dövlətin idarəçiliyində mühüm yerə sahib olduqlarını bildirmişdir. Hazırda ölkə parlamentinin 16, bələdiyyə üzvlərinin isə 27 faizinin qadınlardan ibarət olduğunu bildirən şura sədri layihənin icrası zamanı bu kimi nümunələrin dünyaya obyektiv şəkildə tanıdılmasının vacibliyini vurğulamışdır.
Anna-Mariya Lizin şuranın xarici QHT-lər üçün qrant proqramı çərçivəsində icra etdikləri layihənin Azərbaycanda qadın hüquqlarının müdafiəsi işi, onların qərarların qəbulunda oynadığı rolunun vəziyyətinə dair araşdırmalar apardıqlarını və ölkəmizin sivil, demokratik dövlət kimi müsəlman dövlətlərinə nümunə olduğunu demişdir. O, qadınların cəmiyyət həyatında oynadığı rolu, eyni zamanda, Azərbaycanın müsbət təcrübəsini yaxından öyrənmək, yerli şəraitlə tanış olmaq üçün Bakı, Şirvan və Qəbələdə qadın hüquqlarını müdafiəsi üzrə ixtisaslaşmış QHT-lərlə, icra və bələdiyyə strukturlarında təmsil olunan qadınlarla görüşlər keçirəcəklərini qeyd etmişdir.
Görüşdə layihənin icrası ilə bağlı qarşıya çıxan məsələlərə dair fikir mübadiləsi aparılmışdır.