QADINLARA QARŞI ZORAKILIQ VƏ ERKƏN NİKAH HALLARINA DAİR İCTİMAİ DİNLƏMƏLƏR KEÇİRİLMİŞDİR
Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Gülnarə Məmmədova, BMT-nin Qadınlar üçün İnkişaf Fondunun (UNİFEM) “Qadinlar Cənubi Qafqazda münaqişələrin qarşısının alınması və sülh yaradılması uğrunda” regional layihəsinin Azərbaycan üzrə milli əlaqələndiricisi Gülşən Paşayeva, ”Koalisiya 1325” qadın qrupunun üzvü Sevil Əsədova və başqaları qadınlara qarşı zorakılıq və erkən nikah halları probleminin Azərbaycan üçün də aktuallığını diqqətə çatdırmış, Məcburi Köçkün Qadınların Milli Şəbəkəsi ilə birgə Füzuli, Ağdam rayonlarında, Gəncə şəhərində mövzu ilə bağlı üç ictimai dinləmə təşkil edildiyini bildirmişlər. Onların sözlərinə görə, bu dinləmələrdə iştirakçılara yetkinlik yaşına çatmayan qızların erkən nikahlara cəlb edilməsinin zərərli mahiyyəti, məsuliyyəti, qadınlara qarşı zorakılıq hallarının qarşısının alınmasında hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə işçilərinin rolu və köməyi barədə danışılmışdır. Natiqlər problemlə bağlı mövcud qanunvericilikdə bəzi dəyişikliklər edilməsinin, bütün əlaqədar təşkilatların səylərinin birləşdirilməsinin zəruriliyini diqqətə catdırmışlar.
Sonda kütləvi informasiya vasitələri nümayəndələrinin sualları cavablandırılmışdır.