“Qalatasaray” Türkiyə kuboku yarışlarının yarımfinalına vəsiqə qazanıb
Bakı, 27 fevral, AZƏRTAC
Bu gün futbol üzrə Türkiyə kuboku yarışlarının dörddəbir final mərhələsinin növbəti cavab qarşılaşması keçirilib. “Qalatasaray” səfərdə “Hatayspor”a məğlub olub. “Hatay Atatürk” stadionunda keçirilən oyun hər iki tərəfin qarşılıqlı hücumları ilə yadda qalıb.
AZƏRTAC xəbər verir ki, görüşün 21-ci dəqiqəsində İstanbul təmsilçisinin hücumçusu Muqdat Çelik hesabı açıb. Oyunun 53-cü dəqiqəsində “Qalatasaray”dan Emre Akbaba hesab arasındakı fərqi artırıb. Matçın 59-cu dəqiqəsində İstanbul təmsilçisinin qapısına təyin olunmuş 11 metrlik cərimə zərbəsini Gökhan Karadeniz dəqiq yerinə yetirib. Karadeniz 71-ci dəqiqədə daha bir 11 metrlik cərimə zərbəsindən fərqlənərək hesaba tarazlıq gətirib. Meydan sahibləri 79-cu dəqiqədə Mirkan Aydının qolu ilə hesabda önə keçiblər. Görüşün 86-cı dəqiqəsində “Qalatasaray”ın qapıçısı İsmayıl Çipe topu səhvən öz qapısından keçirib.
Beləliklə, “Qalatasaray” Türkiyə kubokunun dörddəbir final mərhələsinin cavab qarşılaşmasında 2:4 hesabı ilə “Hatayspor”a məğlub olub. Lakin İstanbul təmsilçisi ilk oyunda 2:0 hesabı ilə qalib gəldiyi üçün yarımfinala vəsiqə qazanıb. Yarımfinalda “Qalatasaray”ın rəqibi “Göztəpə”-“Yeni Malatyaspor” görüşünün qalibi olacaq.
Turnirin dörddəbir final mərhələsinin digər görüşü - “Göztəpə” -“Yeni Malatyaspor” fevralın 27-də Bakı vaxtı ilə 21:00-da başlayacaq. “Kasımpaşa”- “Akhisar Bələdiyyəspor” matçı isə fevralın 28-də keçiriləcək.