Qalmaqallı qanun layihəsi imzalanıb
Budapeşt, 22 dekabr, AZƏRTAC
Macarıstan Prezidenti Yanoş Aderin imzaladığı qanun layihəsini artıq xalq arasında “köləlik haqqında qanun” adlandırıblar. AZƏRTAC xəbər verir ki, iş vaxtından artıq iş saatları ilə bağlı əmək qanunvericiliyinə hökumətin qalmaqal yaradan düzəlişi gələn il yanvarın 1-dən qüvvəyə minəcək.
Qanun layihəsi iş vaxtından artıq vaxtda görülən iş üçün yol verilən maksimum müddəti artıraraq il ərzində 250 saatdan 400 saata çatdırıb. Bundan əlavə, işəgötürənlərin istirahət günlərinin də əməkhaqqını nəzərə ala biləcəkləri dövrün özü də artırılaraq 12 aydan üç ilə çatdırılıb.
Öz qərarına bəraət qazandırmaq istəyən Prezident Yanoş Ader məsələyə aydınlıq gətirərək bildirib ki, o, qanunvericiliyi üç nöqteyi-nəzərdən öyrənib. Bunu əvvələn, Konstitusiyaya zidd olub-olmadığını, ikincisi, onu başqa Avropa ölkələrinin qanunvericilikləri ilə müqayisə etmək, üçüncüsü, dəyişikliklərin Macarıstandakı 4,5 milyon işçiyə necə təsir göstərəcəyini, onların müdafiə təminatının zəifləyib-zəifləməyəcəyini görmək üçün edib. Onun fikrincə, Böyük Britaniya, Danimarka, İrlandiya və Çexiyada iş vaxtından artıq iş saatları Macarıstanın iş saatları ilə üst-üstə düşür, yaxud onun göstəricilərini üstələyir.
Həmkarlar ittifaqı təşkilatları düzəlişə tətillərlə cavab verməyi vəd ediblər. “ındex.hu” portalı yazıb ki, Yeni il üçün irimiqyaslı etiraz aksiyaları planlaşdırılıb, lakin Milad və Yeni il bayramları arasındakı dövrdə fasilə elan edilib. Dublin, Reykyavik, Hannover, Bremen, Leypsiq, Kopenhagen, Vyana, Ştutqart, Edinburq, Paris, Münxen və Sürixdə yaşayan etnik macarlar tərəfindən etiraz aksiyaları barədə də məlumat verilir.