“Qarabağ” Azərbaycan Kubokunun qalibi olub
Naxçıvan, 5 may, AZƏRTAC
Mayın 5-də Naxçıvan Muxtar Respublika Stadionunda keçirilən futbol üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Kubokunun final görüşündən əvvəl təntənəli açılış mərasimi təşkil olunub.
Əməkdar Artist Röya Ayxanın, Şərur Xalq Yallı Ansamblı, Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının ifasında rəngarəng musiqi və rəqslər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Sonra oyuna start verilib. Final oyununda “Qarabağ” və “Qəbələ” komandaları üz-üzə gəlib. Birinci hissədə “Qəbələ”nin müdafiəçisi Tellur Mütəllimov oyunun 25-ci dəqiqəsində zədələnib. O, Bədavi Hüseynovla toqquşduqdan sonra oyunu sona qədər davam etdirə bilməyib. T.Mütəllimovun əvəzinə meydana Roman Hüseynov daxil olub. Oyunun birinci hissəsi qolsuz bərabərliklə başa çatıb.
İkinci hissənin 52-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu Mahir Mədətov başla vurduğu qolla komandasını hesabda irəli çıxarıb.
68-ci dəqiqədə “Qəbələ”nin oyunçusu Ürfan Abbasov avtoqola imza ataraq, “Qarabağ”ın 2-0 hesablı qələbəsini rəsmiləşdirib.
Azərbaycan Kuboku uğrunda final oyunu “Qarabağ”ın 2-0 hesablı qələbəsi ilə başa çatıb.